Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir
Bakı, 3 noyabr, AZƏRTAC
Xətai Tibb Mərkəzi ümumilikdə 300 minə yaxın insana xidmət göstərir. Gün ərzində 380-400 nəfər bizə müraciət edir. Bununla da 1700 - 2000 arasında tibbi xidmət göstərmiş oluruq.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Xətai Tibb Mərkəzinin direktoru Aybəniz Saniyeva deyib.
O, xəstəxanada ay ərzində təxminən 11-12 minə yaxın ambulator müraciətin qeydə alındığını və aylıq tibbi xidmət göstəricisinin 50-55 minə çatdığını vurğulayıb.
Aybəniz Saniyevanın sözlərinə görə, vətəndaşların ən çox müraciət etdikləri xidmətlər radioloji, laborator, LOR xidmətləri və cərrahi əməliyyatlardır: "Radioloji xidmətlər ay ərzində 7500-8000, laborator xidmətlər 29-31 min, LOR 4000-4500, cərrahi xidmətlər isə 2000-2500 aralığında dəyişir. Mərkəzdə Poliklinika, Terapiya, Nevrologiya, Laboratoriya, Cərrahiyyə, Otorinolarinqologiya, Anesteziologiya, Reanimasiya və intensiv terapiya, Təcili və təxirəsalınmaz tibbi yardım, Ginekologiya və doğum, Şüa-diaqnostika, Göz xəstəlikləri və cərrahiyyə şöbələri, 6 əməliyyat bloku (laporoskopik daxil), fizioterapiya kabineti fəaliyyət göstərir. Xətai Tibb Mərkəzinin Otorinolarinqologiya şöbəsi Bakı şəhəri üzrə 24 saat təcili və təxirəsalınmaz xidmət göstərən yeganə şöbədir. Mərkəzimizdə tibb elmləri doktoru, tibb elmləri üzrə fəlsəfə doktorları, əməkdar həkimlər, müxtəlif ixtisaslar üzrə uzman həkimlər fəaliyyət göstərirlər", - deyə direktor qeyd edib.