Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH
Bakı, 3 noyabr, AZƏRTAC
Fransa, Almaniya və digər aparıcı Avropa ölkələrində son dövrlər müşahidə olunan siyasi gərginliklər, hökumət böhranları və ənənəvi siyasi qüvvələrə ictimai etimadın azalması Avropanın gələcək siyasi arxitekturası ilə bağlı ciddi suallar doğurur. Sosial-iqtisadi problemlərin dərinləşməsi, seçicilərin mövcud hakimiyyətlərdən narazılığı və populist siyasi qüvvələrin mövqelərinin güclənməsi artıq ayrı-ayrı ölkələrin daxili siyasi prosesləri çərçivəsindən kənara çıxaraq Ümumavropa miqyasında müzakirə olunur.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov bildirib.
Onun sözlərinə görə, Avropanın aparıcı dövlətlərində baş verən siyasi prosesləri yalnız ayrı-ayrı ölkələrin daxili problemləri kimi qiymətləndirmək düzgün olmazdı.
“Çünki bu ölkələrdə müşahidə olunan siyasi qeyri-sabitliyin arxasında bir-biri ilə əlaqəli olan iqtisadi, sosial və institusional amillər dayanır. Əhalinin yaşayış səviyyəsi, inflyasiya, enerji təhlükəsizliyi, miqrasiya, məşğulluq və sosial təminatla bağlı problemlər hökumətlərin fəaliyyətinə münasibəti birbaşa formalaşdırır. Uzun illər Avropada siyasi sistemin əsas dayaqlarından biri hesab olunan ənənəvi partiyalar hazırda seçicilərin etimadını qorumaqda çətinlik çəkirlər. Seçkiqabağı vədlərlə real idarəçilik nəticələri arasındakı fərqin böyüməsi, hökumətlərin cəmiyyətin gözləntilərinə uyğun addımlar ata bilməməsi siyasi narazılığı artırır. Nəticədə seçicilərin bir qismi alternativ siyasi qüvvələrə, o cümlədən populist platformalara üz tutur. Populist qüvvələrin mövqelərinin güclənməsi təkcə ayrı-ayrı ölkələrin daxili siyasi balansına deyil, bütövlükdə Avropa İttifaqının gələcək fəaliyyətinə də təsir göstərə bilər. Çünki bu siyasi qüvvələrin bir qismi Avropa İttifaqının ümumi siyasətinə, inteqrasiya proseslərinə, miqrasiya və iqtisadi məsələlərə fərqli yanaşmalar nümayiş etdirir. Milli maraqların ümumavropa maraqlarından üstün tutulması isə üzv dövlətlər arasında fikir ayrılıqlarını dərinləşdirə bilər”, - İctimai Birliyin sədri vurğulayıb.
Ç.Bayramovun fikrincə, Avropa İttifaqının siyasi birliyi yalnız iqtisadi inteqrasiya və institusional mexanizmlərlə təmin olunmur. Bu birlik, eyni zamanda, üzv dövlətlərin ortaq siyasi dəyərləri, qarşılıqlı etimadı və ümumi qərarların qəbulunda uzlaşması üzərində qurulub. Əgər ayrı-ayrı ölkələrdə daxili siyasi qütbləşmə güclənərsə, bu, Brüsselin ümumi qərarlar qəbul etməsini və vahid siyasət həyata keçirməsini çətinləşdirə bilər.
İctimai birlik sədri hesab edir ki, Avropanın üzləşdiyi əsas çağırışlardan biri cəmiyyətlə siyasi elita arasında yaranmış etimad boşluğunun aradan qaldırılmasıdır. Bunun üçün hökumətlər vədlərlə kifayətlənməməli, əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində konkret nəticələr ortaya qoymalıdırlar.
Ç.Bayramovun qənaətinə görə, mövcud tendensiyalar davam edərsə, Avropa İttifaqında siyasi parçalanma meyilləri daha da güclənə, ümumi qərarların qəbulunda ziddiyyətlər arta bilər. Bu baxımdan, Avropanın gələcək sabitliyi üzv dövlətlər arasında həmrəyliyin qorunmasından, siyasi dialoqun gücləndirilməsindən və vətəndaşların problemlərinə real həll yollarının təqdim edilməsindən asılı olacaq.