Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur
Bakı, 3 noyabr, AZƏRTAC
Hər bir xalq dünya miqyasında öz tarixi şəxsiyyətləri, yaratdığı mədəniyyət və bəşər sivilizasiyasına bəxş etdiyi dəyərlərlə tanınır. Xalqlar öz böyük şəxsiyyətlərini yetişdirdikləri kimi, həmin şəxsiyyətlər də xalqın milli kimliyinin formalaşmasına, onun dünyada tanınmasına və tarixi inkişafına mühüm təsir göstərirlər. Bu baxımdan, xalqının adını beynəlxalq miqyasda ucaldan, onun gələcəyinə istiqamət verən şəxsiyyətlərin rolu əvəzsizdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi belə tarixi simalardan biridir. O, görkəmli dövlət xadimi və mahir siyasətçi olmaqla yanaşı, Vətəninə və xalqına dərin bağlılığı ilə seçilən şəxsiyyət idi. Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını milli maraqlara sədaqət, dövlətçilik ənənələrinin qorunması və azərbaycançılıq ideyasının möhkəmləndirilməsi təşkil edirdi. Onun zəngin siyasi irsi təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının və beynəlxalq siyasi mühitin tarixində mühüm yer tutur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat qeyd edib ki, XX və XXI əsrlərin ən nüfuzlu siyasi xadimlərindən biri kimi tanınan Heydər Əliyev fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycanın maraqlarını üstün tutub. Moskvada yüksək dövlət vəzifəsində çalışdığı illərdə də milli mənafelərin qorunmasına xüsusi diqqət yetirib, Azərbaycanın dövlətçilik maraqlarını müdafiə edib. Onun siyasi uzaqgörənliyi və dövlət idarəçiliyi təcrübəsi ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Bu keyfiyyətlər xüsusilə XX əsrin 80-ci illərinin sonlarında Azərbaycanda geniş vüsət alan milli azadlıq hərəkatı və həmin dövrdə baş verən faciəli hadisələr fonunda özünü göstərirdi. Ölkə daxilində və xaricdə yaşayan azərbaycanlıların ortaq milli ideya ətrafında birləşdirilməsi, onların potensialının Azərbaycanın gələcəyi naminə səfərbər olunması mühüm tarixi vəzifəyə çevrilmişdi. Heydər Əliyev bu zərurəti vaxtında dəyərləndirərək milli həmrəyliyin möhkəmləndirilməsini dövlətçilik strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi.
Ulu Öndərin irəli sürdüyü azərbaycançılıq ideyası milli kimliyin qorunması, tarixi-mədəni irsə bağlılığın gücləndirilməsi və dünya azərbaycanlıları arasında həmrəyliyin yaradılması baxımından xüsusi əhəmiyyət qazandı. Bu ideya zaman keçdikcə milli birliyin əsas mənəvi dayaqlarından birinə çevrildi. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı isə Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi baxımından həlledici mərhələ oldu. Həmin dövrdə ölkənin qarşılaşdığı ciddi siyasi və dövlətçilik problemlərinin aradan qaldırılması, milli maraqların vahid strategiya əsasında müdafiəsi və cəmiyyətin sabit inkişafının təmin edilməsi əsas prioritetlərə çevrildi. Azərbaycançılıq ideologiyası da məhz bu mərhələdə dövlət quruculuğunun mühüm ideoloji dayaqlarından biri kimi formalaşdı. Sonrakı illərdə bu ideya yalnız milli mənsubiyyəti ifadə edən anlayış kimi deyil, həm də siyasi, sosial və mənəvi məzmun daşıyan ümummilli dəyər kimi inkişaf etdi. Dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrinin qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət qazandı.
Milli arzunun gerçəkləşməsi
“Heydər Əliyevin gələcək nəsillərə miras qoyduğu azərbaycançılıq ideologiyası bu gün də Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarından biri olaraq öz əhəmiyyətini saxlayır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiqliyi, eyni zamanda, dünyaya açıq olması və müxtəlif xalqlarla mədəni əlaqələrini genişləndirməsi bu ideyanın mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə də azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərin yaşadılmasına və dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verilir. Bu yanaşma həm ölkənin milli maraqlarının qorunmasına, həm də Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsinə xidmət edir.
Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm nəticələrin əldə olunması ilə müşayiət edilib. Bu siyasətin ən mühüm tarixi nəticələrindən biri 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Bu Qələbə Azərbaycan dövlətinin hərbi qüdrətini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi. Şuşanın azad olunması, üçrəngli bayrağımızın Qarabağda dalğalanması və dini-mədəni irsimizin bərpası milli tariximizin əlamətdar hadisələrinə çevrildi. Bu gün azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların məskunlaşması Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını göstərir. Qarabağın azadlığı xalqımızın çoxəsrlik tarixində mühüm yer tutan milli arzunun gerçəkləşməsidir”, - deyə deputat bildirib.