Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb
Bakı, 3 noyabr, AZƏRTAC
M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində oftalmologiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əhalinin ixtisaslaşmış tibbi yardıma əlçatanlığının artırılması məqsədilə yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, müasir tibbi avadanlıqlarla təchiz olunan şöbəyə 16 illik peşəkar təcrübəyə malik oftalmoloq-cərrah Cahid Şahbazov rəhbərlik edəcək.
Göz xəstəlikləri və cərrahiyyə mərkəzinin açılışında çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, icraçı direktorun müavini Bahadur Rzayev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatların dövlət tibb müəssisələrinin inkişafına, onların maddi-texniki bazasının gücləndirilməsinə və müasir tibbi texnologiyaların tətbiqinə geniş imkanlar yaratmasından bəhs edib: “Dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, peşəkar kadr potensialının artırılması və cəlb olunması bu siyasətin əsas istiqamətlərindəndir. Xətai Tibb Mərkəzində yeni şöbənin fəaliyyətə başlaması da vətəndaşların müasir və ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığının artırılmasına, dövlət səhiyyə sisteminin imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək”.
Cahid Şahbazov isə bildirib ki, yeni şöbənin yaradılmasında əsas məqsədlərdən biri müasir oftalmologiya xidmətlərini dövlət tibb müəssisəsində əlçatan etmək və mürəkkəb cərrahi müdaxilələrin həyata keçirilməsi üçün yeni imkanlar yaratmaqdır:“İllər əvvəl dövlətimizin dəstəyi ilə xaricdə təhsil almış həkim kimi qazandığım təcrübəni öz dövlətimə və xalqıma xidmətə yönəltmək istəyirəm. Əsas məqsədlərimizdən biri dövlət və özəl tibb müəssisələri arasında formalaşmış stereotipləri aradan qaldırmaqdır. İstəyirik ki, pasiyentlər mürəkkəb oftalmoloji əməliyyatlar və müasir müalicə imkanları üçün yalnız özəl klinikalara üz tutmaq məcburiyyətində qalmasınlar”.
Qeyd edək ki, Cahid Şahbazov 1998–2004-cü illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb, daha sonra Türkiyənin Ege Universitetində Göz xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsili keçib. O, Türkiyə Cümhuriyyəti Oftalmologiya Cəmiyyətinin fəxri üzvüdür. Peşəkar fəaliyyəti ərzində özəl və dövlət tibb müəssisələrində çalışıb.
Yeni açılan şöbədə tor qişa və ön seqment patologiyalarının müayinəsi üçün optik koherentsə tomoqrafiya, pentacam vasitəsilə buynuz qişanın tomoqrafiyası və topoqrafiyası, pediatrik kontaktsız refraktometriyasının diaqnostikası, mürəkkəb katarakta əməliyyatları, afakiyanın skleral fiksasiyalı intraokulyar linzalarla korreksiyası, vitrektomiya və göz daxili drenaj implantasiyası əməliyyatları həyata keçiriləcək.