YAP Gənclər Birliyinin yeni tərkibdə ilk iclası olub
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin yeni tərkibdə ilk iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Partiyadan məlumat verilib.
İclasda YAP Gənclər Birliyinin sədri Gülüstan Kərimli Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərə diqqət çəkib. Bildirib ki, informasiya mühitində baş verən dəyişikliklər və müxtəlif ideoloji təsirlərin artdığı şəraitdə gənclərin milli maraqlar, dövlətçilik prinsipləri və milli-mənəvi dəyərlər əsasında formalaşması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan gənclər arasında sistemli maarifləndirmə işinin aparılması və zərərli ideoloji təsirlərə qarşı müqavimətin gücləndirilməsi mühüm vəzifələrdəndir.
İclasda Gənclər Birliyinin qarşıdakı dövr üçün Tədbirlər Planı müzakirə olunub.
Ali təhsil müəssisələrində fəaliyyət göstərən “YENİ Klub”ların əhatə dairəsinin genişləndirilməsi, gənclərin liderlik və təşəbbüskarlıq bacarıqlarının inkişafı, həmçinin rəqəmsal və sosial mövzulara dair maarifləndirici layihələrin təşkili ilə bağlı təkliflər irəli sürülüb və müvafiq qərarlar qəbul edilib.