Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH
Bakı, 3 noyabr, AZƏRTAC
Fransada son dövrlər geniş vüsət alan kütləvi etirazları yalnız ayrı-ayrı sosial və iqtisadi narazılıqların təzahürü kimi qiymətləndirmək düzgün olmazdı. Bu proseslər, ilk növbədə, Prezident Emmanuel Makronun idarəçilik siyasətinə, hökumətin qərarlarına və ölkədə yaranmış siyasi etimadsızlıq mühitinə münasibətin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert, Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar bildirib.
Onun sözlərinə görə, Fransada etirazların ardıcıl olaraq davam etməsi cəmiyyətdə narazılığın dərinləşdiyini və hakimiyyətin mövcud problemlərə adekvat cavab verməkdə çətinlik çəkdiyini göstərir.
“Kütləvi aksiyaların miqyası həm də Fransa siyasi sistemində yaranmış etimad probleminin ciddi xarakter aldığını nümayiş etdirir. Prezident Emmanuel Makronun idarəçilik dövründə həyata keçirilən bir sıra siyasi və iqtisadi qərarlar cəmiyyətin müxtəlif təbəqələrində narazılıq doğurub. Sosial problemlərin həlli istiqamətində gözləntilərin doğrulmaması, hökumətin qərarlarının ictimai dəstək qazanmaması və siyasi qüvvələr arasında qarşıdurmanın dərinləşməsi etiraz əhval-ruhiyyəsini daha da gücləndirir. Fransada keçirilən aksiyaların miqyası ilə bağlı rəsmi qurumların və həmkarlar ittifaqlarının açıqladığı rəqəmlər arasında fərq olsa da, hər iki tərəfin təqdim etdiyi göstəricilər etirazların geniş ictimai dəstəyə malik olduğunu ortaya qoyur. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda təxminən 320 min nəfər, o cümlədən Parisdə 70 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə iştirakçıların sayının təxminən 500 minə çatdığını bildirirlər”, - deyə Bilal Dündar vurğulayıb.
Onun fikrincə, Makron hakimiyyəti cəmiyyətdəki narazılıqları yalnız inzibati və hüquq-mühafizə tədbirləri ilə aradan qaldırmağa çalışarsa, mövcud siyasi gərginliyin daha da dərinləşməsi mümkündür: “Çünki kütləvi etirazların arxasında dayanan əsas səbəblər sosial narazılıqla yanaşı, siyasi idarəetməyə və hakimiyyətin qərarlarına inamın azalmasıdır. Fransada baş verənlər Avropanın aparıcı dövlətlərində müşahidə olunan daha geniş siyasi tendensiyalar fonunda da diqqətlə təhlil edilməlidir. Ənənəvi siyasi elitalara inamın azalması, cəmiyyətlə hakimiyyət arasında məsafənin artması və populist siyasi qüvvələrin güclənməsi Avropa siyasi sisteminin üzləşdiyi ciddi çağırışlardandır”.
Bilal Dündar əlavə edib ki, Fransa kimi Avropa İttifaqının aparıcı dövlətlərindən birində davamlı ictimai-siyasi gərginliyin yaşanması ölkənin daxili siyasi sabitliyi ilə yanaşı, Avropanın ümumi siyasi mövqeyinə və beynəlxalq nüfuzuna da təsirsiz ötüşmür.