ADAU tələbələrinə narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumat verilib
Gəncə, 3 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin Narkomaniya ilə Mübarizə İdarəsinin rəisi, polis mayoru Rəşad Musayev çıxışında ölkədə narkomaniyaya qarşı həyata keçirilən maarifləndirici və profilaktik tədbirlərdən danışıb. O, narkotik vasitələrin insan sağlamlığına, sosial rifaha və cəmiyyətə vurduğu ciddi fəsadlara diqqət çəkib.
Digər çıxışlarda da narkomaniyanın yaratdığı təhlükələr, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və gənclər arasında sağlam həyat tərzinin təbliğinin əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Tədbir zamanı iştirakçılara narkomaniyanın zərərlərindən bəhs edən maarifləndirici videoçarx nümayiş etdirilib.
Müxbir - Elcan Məmmədov