Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir
Bakı, 9 oktyabr, AZƏRTAC
Avropa Gənc Vəkillər Assosiasiyasına ev sahibliyi etmək bizim üçün Avropanın müxtəlif ölkələrindən olan gənc və iddialı həmkarlarımızı qarşılamaq, təcrübələrimizi bölüşmək və hüquq ictimaiyyətlərimiz arasında əlaqələri daha da gücləndirmək üçün gözəl fürsətdir.
AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı - "EYBA Autumn Conference 2026"nın iştirakçılarına videomüraciətində vurğulayıb.
Azərbaycanda gənclər arasında vəkillik peşəsinə marağın getdikcə artdığını qeyd edən A.Bağırov bildirib: "Gənc vəkillər peşənin müasirləşdirilməsinə və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verirlər. Onların peşəkar inkişafı və vəkillik fəaliyyətində fəal iştirakı daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, Vəkillər Kollegiyasına qəbul olunan vəkillərin böyük əksəriyyətini gənclər təşkil edir. Bununla yanaşı, Vəkillər Kollegiyasının nəzdində Gənc Vəkillər Komitəsi fəaliyyət göstərir. Komitə gənc vəkillərin peşəkar inkişafının dəstəklənməsi, onların fəal iştirakının təşviq edilməsi və vəkillik peşəsinin gələcəyinə töhfələrinin artırılması üçün xüsusi platforma rolunu oynayır".
Müxbir - Günel Türksoy