UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında
Bakı, 9 oktyabr, AZƏRTAC
ABŞ-nin Stanford Universitetinin 2026-cı il üzrə dünyanın ən yaxşı 2 faiz alimlərini əhatə edən “World’s Top 2 % Scientists” siyahısı açıqlanıb. Dünya alimlərinin elmi fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan siyahıda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 alimi də yer alıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, siyahıya əsasən, UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri, Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı, dosent Tural Nağıyev və UNEC İqtisadi Klinika Tədqiqat Mərkəzinin tədqiqatçısı, dosent Mustafa Tevfik Kartal növbəti dəfə dünyanın TOP 2 faiz alimləri sırasında yer alıblar.
Bu ildən etibarən siyahıya UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Tədqiqat Mərkəzinin tədqiqatçısı, tədqiqatçı müəllim, ekonometrika üzrə fəlsəfə doktoru Həsrəddin Quliyev də daxil olub.
Reytinq dünyanın aparıcı akademik nəşriyyatlarından biri olan “Elsevier”in “Scopus” bazasının əvvəlki il üzrə məlumatları əsasında hazırlanır. Siyahıya daxil ediləcək alimlərin ilkin seçimində “Scopus” bazasında azı 5 məqaləsi indeksləşən tədqiqatçılar nəzərə alınır. Sonrakı mərhələdə isə alimlərin elmi fəaliyyətinin müxtəlif göstəriciləri, o cümlədən ümumi istinad sayı, özünə istinadlar çıxılmaqla istinad sayı, h-indeksi, hm-indeksi və digər meyarlar əsasında qiymətləndirmə aparılır.