Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir
Bakı, 9 oktyabr, AZƏRTAC
Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, bu istiqamətdə ailənin, təhsil müəssisələrinin, cəmiyyətin və dini icmaların səylərinin əlaqələndirilməsi müasir dövrün əsas aktual məsələlərindəndir. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi ilə yanaşı, milli kimliyə, dilə və dinə sağlam münasibətin formalaşdırılması, onların informasiya mühitində düzgün istiqamətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov oktyabrın 9-da Bakıda keçirilən “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dövlət Komitəsi milli-mənəvi dəyərlərin təbliği, dini maarifləndirmənin təşkili və dini radikalizmlə mübarizə istiqamətində mütəmadi tədbirlər keçirir: "Bu fəaliyyətin səmərəliliyini artırmaq məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlığa və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi önəm verilir. İndiyədək bu istiqamətdə Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər təşkil olunub".
O qeyd edib ki, bu proses yalnız vətənpərvərlik tərbiyəsi və ya gənclərin dilə, dinə münasibətinin formalaşdırılması ilə məhdudlaşmır. Ailənin və cəmiyyətin rolu, sosial şəbəkələrin təsiri, rəqəmsal mühitdə gənclərlə işin təşkili də diqqət mərkəzində saxlanılmalıdır. Milli-mənəvi dəyərlərin gənclərə çatdırılması üçün müasir kommunikasiya imkanlarından məqsədyönlü istifadə vacibdir .
“Müzakirələrin əsas istiqamətləri ailə, təhsil, cəmiyyət və dini icmaların gənclərin tərbiyəsində rolu, eləcə də bu sahədə qurumlararası əməkdaşlığın daha səmərəli təşkilindən ibarətdir. Sosial şəbəkələrin və ənənəvi medianın imkanlarından istifadə etməklə milli-mənəvi dəyərlərin təbliğini gücləndirmək, din xadimləri və dini icmalarla işi daha da inkişaf etdirmək qarşıda duran əsas vəzifələrdəndir", - deyə Gündüz İsmayılov əlavə edib.
Fotoqraf - Səfiyar Məcnun