Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH
Bakı, 9 oktyabr, AZƏRTAC
Müasir dünyada milli təhlükəsizlik anlayışı yalnız ərazi bütövlüyü, dövlət sərhədləri və hərbi güclə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial medianın ictimai rəyə təsir imkanlarının genişlənməsi və süni intellektin informasiya istehsalını asanlaşdırması təhlükəsizliyin yeni -informasiya və ideoloji ölçüsünü ön plana çıxarıb. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər mühüm istiqamət kimi təqdim etməsi bu reallığın siyasi qiymətləndirilməsidir. Burada söhbət yalnız saxta xəbərlərlə mübarizədən getmir. Əsas məsələ dövlətin informasiya məkanında milli maraqlarını, ictimai sabitliyini və cəmiyyətin strateji düşüncə qabiliyyətini qorumasıdır. Azərbaycanın son onilliklərdə keçdiyi siyasi və hərbi proseslər informasiya təhlükəsizliyinin əhəmiyyətini xüsusi şəkildə göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan yalnız hərbi və diplomatik müstəvidə deyil, informasiya məkanında da ciddi qarşıdurma ilə üzləşib. Şübhəsiz ki, Vətən müharibəsindən sonra ərazi bütövlüyümüzün bərpası informasiya mübarizəsinin də başa çatması demək deyil. Müasir informasiya müharibəsinin əsas xüsusiyyəti bir qədər fərqlidir. Belə ki, onun hədəfi hər zaman kompüter sistemi və ya informasiya infrastrukturu deyil, insanın düşüncəsi və davranışıdır. Ona görə də informasiya təhlükəsizliyi yalnız texniki müdafiə məsələsi kimi qəbul edilə bilməz. Güclü kibertəhlükəsizlik sistemi ilə yanaşı, dezinformasiyanı tanıyan və manipulyasiyaya qarşı dayanıqlı cəmiyyət də lazımdır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, təhsil milli təhlükəsizliyin strateji komponentinə çevrilir. İnformasiya bolluğu şəraitində savadlı vətəndaş, sadəcə, məlumatlı deyil, məlumatı təhlil edə bilən, mənbəni qiymətləndirən və faktla manipulyasiya arasındakı fərqi müəyyənləşdirə bilən vətəndaşdır. Xüsusilə süni intellektin mətn, foto, video və səs formasında inandırıcı saxta məzmun yaratmaq imkanlarının genişlənməsi media savadlılığını artıq əlavə bacarıq deyil, milli dayanıqlığın mühüm şərti edir. Amma informasiya təhlükəsizliyini yalnız cəmiyyətin üzərinə qoymaq da doğru olmaz. Dövlətin özünün kommunikasiya siyasəti burada həlledici əhəmiyyət daşıyır. İnformasiya boşluğu yarandıqda həmin boşluğu başqa mənbələr doldurur. Buna görə operativ, faktlara əsaslanan və peşəkar dövlət kommunikasiyası ictimai etimadın qorunmasının, deməli, milli təhlükəsizliyin mühüm vasitəsidir.
“Digər tərəfdən isə qlobal informasiya məkanı xarici təsirləri də asanlaşdırır. Azərbaycan kimi geosiyasi baxımdan mühüm mövqedə yerləşən və müstəqil xarici siyasət həyata keçirən ölkə üçün müxtəlif informasiya kampaniyalarının siyasi məqsədlərlə istifadə olunması real risk olaraq qalır. Burada məqsəd xaricdən gələn hər bir informasiyanı təhlükə hesab etmək deyil. Əsas məsələ milli maraqlara qarşı yönəlmiş məqsədli manipulyasiyanı vaxtında müəyyənləşdirmək və ona peşəkar şəkildə cavab verməkdir. Bu prosesdə vətənpərvərlik də yeni məzmun qazanır. Müasir vətənpərvərlik yalnız emosional bağlılıq deyil, dövlətin tarixini, milli maraqlarını və strateji məqsədlərini dərk etmək, ölkə haqqında yayılan informasiyaya məsuliyyətlə yanaşmaqdır. Dövlətinə bağlı vətəndaş informasiya mühitində də məsuliyyətli davranmalı, yoxlanılmamış məlumatın yayılmasına vasitəçi olmamalıdır. Yeni informasiya reallığı siyasi institutların fəaliyyətinə də yeni tələblər irəli sürür”, - deyə A.Qurbanova vurğulayıb.
Politoloq əlavə edib ki, Prezident İlham Əliyevin YAP-ın ideoloji fəaliyyətinin müasir informasiya mühitinə uyğunlaşdırılması ilə bağlı mesajı bu baxımdan diqqətəlayiqdir. Ənənəvi siyasi kommunikasiya üsulları xüsusilə gənc nəsillə ünsiyyətdə artıq kifayət etmir. Siyasi təşkilatlar yeni media platformalarını, rəqəmsal kommunikasiya vasitələrini və müasir ictimai əlaqə üsullarını mənimsəməlidirlər. Azərbaycanın qarşısında dayanan əsas strateji vəzifə informasiya məkanında yalnız müdafiə olunan tərəf olmaq deyil, öz informasiya gündəmini formalaşdıran və milli mövqeyini qlobal auditoriyaya peşəkar şəkildə çatdıran dövlətə çevrilməkdir. Bunun üçün milli media resurslarının keyfiyyətinin artırılması, xarici dillərdə Azərbaycanın mövqeyini təqdim edən platformaların gücləndirilməsi və rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir.