Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır
Bakı, 9 oktyabr, AZƏRTAC
Milli-mənəvi dəyərlərin gənc nəslə ötürülməsi üçün ənənəvi tərbiyə metodları müasir dövrün tələblərinə uyğunlaşdırılmalı, uşaqlarda tənqidi düşüncə və mühakimə qabiliyyəti inkişaf etdirilməlidir. Dəyərlərin mahiyyətini anlamaq və onların əhəmiyyətini dərk etmək gənclərin həmin prinsipləri şüurlu şəkildə mənimsəməsinə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov oktyabrın 9-da Bakıda keçirilən “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans çərçivəsində panel müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, bəzi araşdırmalar həddindən artıq mühafizəkar yanaşmalarla böyüyən uşaqların sonradan ailələrinin mənimsədiyi dəyərləri qəbul etməməsi ehtimalına diqqət çəkir. "Bu, milli-mənəvi dəyərlərin yalnız tələb və qadağalar vasitəsilə aşılanmasının gözlənilən nəticəni verməyə biləcəyini göstərir. Uşaqlara hər hansı dəyərin əhəmiyyətini izah etmək, onun nə üçün vacib olduğunu onlarla birlikdə müzakirə etmək və suallarına əsaslandırılmış cavablar vermək lazımdır. Belə yanaşma gənclərin həmin dəyərləri sadəcə qəbul etməsi ilə kifayətlənməyərək onların mahiyyətini anlamasına və şüurlu şəkildə mənimsəməsinə şərait yaradır", - deyə rektor vurğulayıb.
Fotoqraf - Səfiyar Məcnun