Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası Azərbaycan Turizm Agentliyinin maliyyə dəstəyi ilə Xocavənd rayonu ərazisində yerləşən “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunda Alban xristian irsinin öyrənilməsi istiqamətində arxeoloji tədqiqatlar aparıb. Ekspedisiya qoruq ərazisində yerləşən Məlik Yeqan kompleksinin daxili və xarici hissələrində, eləcə də üçnefli Alban xristian abidəsinin xarici perimetri boyunca arxeoloji tədqiqat işləri yerinə yetirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri dosent Natiq Alışov deyib. O qeyd edib ki, arxeoloji tədqiqatlar nəticəsində kompleks ərazisində 5 metrdən artıq olan arxeoloji təbəqənin Son Tunc – Erkən Dəmir dövründən başlayaraq son orta əsrlərə qədər davam etdiyi qeydə alınıb. Tədqiqatlar zamanı diqqəti cəlb edən əsas məqamlardan biri Alban xristian irsinə məxsus abidələrin əksəriyyətində qeyri-qanuni bərpa, restavrasiya və konservasiya işlərinin aparılmasıdır. Bu müdaxilələr nəticəsində abidələrin ilkin görkəminə ciddi xələl gətirilib, onların həm xarici görünüşünə, həm də daxili interyerinə ziyan vurulub.
Tədqiqatçı-alim qeyd edib ki, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu ərazisində mövcud olan bazilikanın ətrafında aparılan ilkin arxeoloji kəşfiyyat işləri zamanı buradakı üçnefli kilsəyə bitişik olan sövməənin daxilində qeyri-qanuni tədqiqatların aparıldığı müəyyən edilib. Abidənin üzərində zamanında mövcud olmayan zəng qülləsi yerləşdirilib, həmçinin abidənin altarının döşəmə səviyyəsindən hündürlüyü qaldırılaraq dəyişdirilib və mənimsəməyə məruz qalıb.
Müxbir - Xatirə Cəfərova