İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
Bakı, 9 oktyabr, AZƏRTAC
İngiltərənin “Everton” klubunun sahibi “The Friedkin Group” (TFG) komandadakı nəzarət paketinin satışını nəzərdən keçirir.
AZƏRTAC “The Athletic”ə istinadən xəbər verir ki, klubun amerikalı sahibi yeni investisiyaların cəlb edilməsi istiqamətində axtarışlarını davam etdirir. Əvvəlcə kluba azlıq payı əsasında strateji investorların cəlb olunması planlaşdırılsa da, hazırda nəzarət səhm paketinin tam satış variantı da nəzərdən keçirilir.
Milyarder Den Fridkinin rəhbərlik etdiyi qrup yalnız klubu növbəti mərhələyə daşıya biləcək uyğun alıcı tapacağı təqdirdə satışa razı olacaq. Şirkət belə bir investor ortaya çıxana qədər “Everton”a sahiblik etməyə və klubu dəstəkləməyə hazırdır.
TFG 2024-cü ilin dekabrında Farhad Moşirinin klubdakı 94 faizlik payını satın alaraq “Everton”un sahibi olub. Bu anlaşma klubun əvvəlki illərdə üzləşdiyi maliyyə çətinlikləri və uzun sürən sahiblik qeyri-müəyyənliyinə son qoyub.
Yeni rəhbərliyin ilk addımlarından biri klubun maliyyə vəziyyətini sabitləşdirmək olub. Şirkət borcların böyük hissəsini yenidən maliyyələşdirib və yeni “Hill Dickinson” stadionu ilə təmin edilmiş daha aşağı faizli kreditlər üzrə razılıq əldə edib.
Qeyd edək ki, TFG klubun investisiya cəlbediciliyini artırmaq istiqamətində də addımlar atıb. “Dallas Mavericks” basketbol komandasının keçmiş baş məşqçisi Ceyson Kidd və amerikalı milyarder Kristofer Sarofim ötən il şirkətin səhmdarları sırasına qoşularaq azlıq payları əldə ediblər.