Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu
Bakı, 9 oktyabr, AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemi böyük güclər arasında rəqabətin kəskinləşməsi, geosiyasi qarşıdurmaların genişlənməsi və mövcud təhlükəsizlik arxitekturasının ciddi sınaqlarla üzləşməsi ilə səciyyələnir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar və beynəlxalq münasibətlərdə artan qeyri-müəyyənlik dövlətlərin müstəqil xarici siyasət yürütməsinin əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə milli maraqları qorumaq, müxtəlif güc mərkəzləri ilə münasibətlərdə balansı saxlamaq və xarici siyasətdə manevr imkanlarını genişləndirmək xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın həyata keçirdiyi müstəqil və çoxvektorlu xarici siyasət bu baxımdan diqqətəlayiq nümunə təşkil edir.
Bu sözlər Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidovun “Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu” adlı məqaləsində qeyd edilib. AZƏRTAC məqaləni təqdim edir.
Beynəlxalq münasibətlər nəzəriyyəsində dövlətlərin xarici siyasət davranışlarını izah edən əsas yanaşmalar arasında balanslaşdırma (balancing) və güclü dövlətə qoşulma (bandwagoning) strategiyaları fərqləndirilir. Birinci yanaşma potensial təhlükə mənbəyi hesab edilən güc mərkəzinə qarşı onun rəqibləri ilə ittifaq qurmağı, ikinci yanaşma isə təhdid mənbəyi olan aktora yaxınlaşmaqla müəyyən siyasi və təhlükəsizlik dividendləri əldə etməyi nəzərdə tutur. Azərbaycan isə bu iki strategiyadan fərqli olaraq, müstəqil və balanslaşdırılmış xarici siyasət modelinə üstünlük verir. Bu yanaşmanın mahiyyəti hər hansı geosiyasi qütbün təsir dairəsinə daxil olmadan müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər qurmaq və milli maraqlara əsaslanan qərarvermə müstəqilliyini qorumaqdan ibarətdir. Burada bərabər məsafə prinsipi bütün tərəfdaşlarla münasibətlərin eyni səviyyədə saxlanılması deyil, heç bir xarici aktorun Azərbaycanın siyasi seçimlərini müəyyənləşdirməməsi anlamına gəlir. Azərbaycanın çoxvektorlu xarici siyasəti bu yanaşmanın praktiki təzahürüdür. Türkiyə ilə müttəfiqlik münasibətlərini inkişaf etdirən Azərbaycan, eyni zamanda, Rusiya, Çin, ABŞ, Avropa İttifaqı, İran, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə geniş əməkdaşlıq əlaqələri saxlayır.
Prezident İlham Əliyevin cari il oktyabrın 2-dəki çıxışında vurğuladığı dörd əsas prinsip - müstəqil və çoxvektorlu xarici siyasət, iqtisadi müstəqillik, hərbi potensial və ideoloji dayanıqlılıq - Azərbaycanın strateji yanaşmasının əsas dayaqlarını təşkil edir. Bu prinsiplər bir-birini tamamlayır. İqtisadi müstəqillik xarici siyasətdə sərbəst qərarvermənin maddi əsaslarını yaradır, hərbi potensial dövlətin təhlükəsizliyinin və suverenliyinin qorunmasına xidmət edir, ideoloji dayanıqlılıq isə milli birliyi və dövlətçilik prinsiplərini möhkəmləndirir. Müstəqil xarici siyasət bütün bu imkanların beynəlxalq müstəvidə milli maraqların təmin olunmasına yönəldilməsini nəzərdə tutur. Başqa sözlə, siyasi müstəqilliyin qorunması onun iqtisadi, hərbi və ideoloji əsaslarının möhkəmliyi ilə bilavasitə bağlıdır.
Azərbaycanın strateji muxtariyyətini möhkəmləndirən amillər
Azərbaycanın təcrübəsi göstərir ki, müstəqil xarici siyasət dövlətə mühüm diplomatik üstünlüklər qazandırır. İlk növbədə, belə siyasət ölkənin beynəlxalq nüfuzunu və proseslərə təsir imkanlarını artırır. Digər tərəfdən, müxtəlif güc mərkəzləri ilə konstruktiv münasibətlərin saxlanılması Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunu gücləndirir. Bir-biri ilə rəqabət aparan aktorlarla paralel əməkdaşlıq ölkəyə fərqli mövqelərin yaxınlaşdırılmasına və qarşılıqlı etimadın formalaşdırılmasına töhfə vermək imkanı yaradır. Bununla yanaşı, Azərbaycan yalnız mövcud beynəlxalq formatlarda iştirak etməklə kifayətlənmir, yeni təşəbbüslər irəli sürməklə çoxtərəfli əməkdaşlığın inkişafına da çalışır. Bu xüsusiyyətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc (middle power) kimi artan rolunu da izah edir. Orta güc anlayışı yalnız dövlətin ərazisi, əhalisi və iqtisadi göstəriciləri ilə deyil, onun diplomatik fəallığı, beynəlxalq təşəbbüskarlığı və regional proseslərə təsir imkanları ilə də müəyyən olunur. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyəti, D-8-ə qoşulması və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakı ölkənin çoxtərəfli diplomatiyasının genişlənməsinin göstəriciləridir. Bu platformalarda Azərbaycan yalnız iştirakçı kimi çıxış etmir, həm də müxtəlif təşəbbüslər irəli sürərək əməkdaşlıq mexanizmlərinin inkişafına töhfə verməkdədir.
Azərbaycanın orta güc kimi mövqelənməsində onun geoiqtisadi imkanları da mühüm rol oynayır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, bərpaolunan enerji layihələri və Orta Dəhlizin inkişafında iştirakı ölkənin strateji əhəmiyyətini artırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan müxtəlif regionlar arasında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edən mühüm bağlantı mərkəzinə çevrilir. Beləliklə, ölkənin coğrafi mövqeyi məqsədyönlü enerji, nəqliyyat və diplomatik siyasət nəticəsində real geosiyasi üstünlüklərə çevrilir.
Beləliklə, Azərbaycanın xarici siyasət təcrübəsi göstərir ki, müstəqillik yalnız dövlətin formal suverenliyi ilə məhdudlaşmır. Əsl müstəqillik milli maraqlara uyğun qərarlar qəbul etmək, müxtəlif güc mərkəzləri ilə münasibətlərdə sərbəst hərəkət etmək və beynəlxalq proseslərə təsir göstərmək qabiliyyətində təzahür edir. Bu mənada, Azərbaycanın orta güc kimi yüksəlişi təsadüfi proses deyil, müstəqil və çoxvektorlu xarici siyasətin, iqtisadi və hərbi potensialın, eləcə də ideoloji dayanıqlılığın qarşılıqlı təsirinin nəticəsidir. Məhz bu amillər Azərbaycanın strateji muxtariyyətini möhkəmləndirir, onun regional proseslərə təsir imkanlarını genişləndirir və daha geniş beynəlxalq gündəliyin formalaşmasında fəal iştirakına şərait yaradır.