“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Bakıda Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Həmişə bizimləsiniz!” videoçarxının nümayişi ilə başlayıb.
Açılış nitqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.
Ramin Məmmədov bildirib ki, milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir. O, gənc nəslin tariximizi dərindən dərk etməsinin, milli irslə bağlılığının və dövlətçilik şüurunun formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
“Məqsədimiz öz tarixini anlayan, həmin tarixlə bağlılıq hiss edən, dövlətinin əldə etdiyi nailiyyətlərin hansı proseslərin və hansı nəsillərin səylərinin nəticəsi olduğunu dərk edən vətəndaş yetişdirməkdir”, – deyə Ramin Məmmədov bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov da gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi və tarixi keçmişimizə bağlılığının qorunması əsas məsələlərdəndir.
Nazir qeyd edib ki, bu istiqamətdə həyata keçirilən maarifləndirici proqramlar gənclərin dünyagörüşünün formalaşmasına, milli kimliklərini dərk etmələrinə və cəmiyyətdə fəal mövqe tutmalarına töhfə verir.
Konfrans işini “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət” və “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzularında panel sessiyaları ilə davam etdirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva panel müzakirəsində müasir texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə etməyin, eyni zamanda, onların mümkün mənfi təsirlərindən qorunmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, bunun üçün uşaqlarda və gənclərdə təhlil etmək, məlumatları düzgün qiymətləndirmək və müstəqil seçim etmək bacarıqları formalaşdırılmalıdır. Bu prosesdə ailənin, valideynlərin və təhsil müəssisələrinin üzərinə mühüm məsuliyyət düşür.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə milli-mənəvi dəyərlərin gənc nəslə ötürülməsində müasir tərbiyə metodlarının əhəmiyyətinə toxunub. O bildirib ki, bəzi araşdırmalar həddindən artıq mühafizəkar yanaşmalarla böyüyən uşaqların sonradan ailələrinin mənimsədiyi dəyərləri qəbul etməməsi ehtimalını ortaya qoyur. Bu, milli-mənəvi dəyərlərin yalnız tələb və qadağalar vasitəsilə aşılanmasının gözlənilən nəticəni verməyə biləcəyini göstərir.
Konfrans çərçivəsində gənclərin mənəvi dünyagörüşünün zənginləşdirilməsi, onların vətənpərvərlik ruhunda formalaşması, ailə və cəmiyyətin bu prosesdə rolu, müasir informasiya mühitinin dəyərlər sisteminə təsiri, habelə gənc nəslin zərərli ideoloji təsirlərdən qorunması ilə bağlı məsələlər müzakirə olunub.
Panel sessiyalarında dövlət qurumları, təhsil müəssisələri, ailə və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsi, gənclərin rəqəmsal savadlılığının artırılması və milli-mənəvi dəyərlərin müasir dövrün çağırışları şəraitində qorunması istiqamətində fikir mübadiləsi aparılıb.
Fotoqraf - Səfiyar Məcnun