İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
Qəbələ, 9 oktyabr, AZƏRTAC
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu yerli turistlərlə yanaşı, ölkəmizə səfər edən xarici turistlərin də diqqətini cəlb edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov məlumat verib.
Bildirilib ki, dövlət qoruğunu ziyarət edən nitq məhdudiyyətli israilli qonaqlar öncə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən eksponatlarla tanış olublar.
Qrupun ekskursiyaçısı tərəfindən qonaqlara mərkəzin yaradılması, bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər və sərgi salonundakı tarixi tapıntılar barədə ətraflı məlumat verilib.
İsrailli turistlər daha sonra qoruğun tarixi ərazilərindən olan Səlbir və Qala sahələrinə səfər ediblər. Onlar arxeoloji qazıntılar zamanı aşkarlanmış su xətləri, təndir, ocaq yerləri, bina qalıqları və digər maddi-mədəniyyət nümunələri, həmçinin əzəmətini günümüzədək qoruyub saxlayan qala divarları ilə yaxından tanış olublar.
Qonaqlar qoruqdan zəngin təəssüratlarla ayrılıblar.
Müxbir - Rasim İslamoğlu