Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq
Türkmənbaşı, 9 oktyabr, AZƏRTAC
Bu gün Türkmənistanın Xəzər sahilindəki Avaza bölgəsində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçılarının iclası keçirilir. Bu iclasın digərlərindən fərqi odur ki, bu dəfə qonşumuz - Xəzər sahilində yerləşən İran da ilk dəfə bu iclasda iştirak edir. Bu səbəbdən Avazada bu gün keçirilən iclasların regional təhlükəsizlik və əməkdaşlıq baxımından daha təsirli və nəticəyönümlü olacağına inanırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində "Atavatan Türkmenistan" jurnalının baş redaktoru Dovran Orazgylyjov deyib.
Son üç gündə Avazada çox mühüm beynəlxalq iclasların keçirildiyini diqqətə çatdıran baş redaktor bildirib: “Dünən Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının iştirakı ilə iclas keçirildi. Bu iclasda Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əlaqələrin daha yüksək səviyyəyə çatması üçün gözəl bir imkan və platforma yarandı. Biz də “Atavatan Türkmenistan” jurnalı olaraq bu iclaslarla bağlı xəbərləri oxucularımıza çatdırırıq. Xüsusilə azərbaycanlı həmkarlarımızla əməkdaşlıq edərək məlumatların həm Azərbaycandakı, həm də digər ölkələrdəki oxuculara çatdırılması istiqamətində fəaliyyətimizi davam etdiririk”.