Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu
Kəlbəcər, 9 oktyabr, AZƏRTAC
Azərbaycana səfərim çərçivəsində Kəlbəcərə gəldim və Xudavəng monastırını ziyarət etdim. Bura mənim üçün çox maraqlı təcrübə oldu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Filippindən olan səyyah Nolan Tianko Xudavəng monastırı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Monastırın tarixinin və memarlığının onda böyük maraq doğurduğunu vurğulayan səyyah əlavə edib: “Bu monastır çox maraqlıdır, çünki onun tarixi VI əsrdən başlayır. VI əsrdə xristianlığın əsas din olduğunu düşünürəm. Sonralar, VII əsrdə İslam dini yarandı. Monastıra müxtəlif dövrlərdə yeni hissələr əlavə olunub və zaman keçdikcə inkişaf edib”.
Nolan Tianko Azərbaycanda müxtəlif dinlərə hörmətlə yanaşılmasının mühüm məqam olduğunu vurğulayıb: “Bizə bildirdilər ki, Azərbaycan bütün dinlərə hörmətlə yanaşır. Bu, harmoniyanın qorunması baxımından çox yaxşıdır. Buraya gələn hər kəs xoş qarşılanır. Digər dinlərin də bu mədəniyyətin bir hissəsi olması ilə bağlı müxtəlif hekayələr eşitdim”.
Filippinli səyyah Xudavəng monastırının qədim memarlığının qorunmasının və turizm imkanlarının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. “Bu monastırın memarlığının çox qədim olduğu aydın görünür. Hökumət turizmi təşviq etmək, müxtəlif dinlər və mədəniyyətlər arasında daha yaxşı anlaşma yaratmaq üçün buranı daha da qorusa, əla olar. Bu yer mənim çox xoşuma gəlir. Çox maraqlıdır, çünki belə uzaq ərazilərdə monastırlara, xüsusən də bu qədər böyük monastıra tez-tez rast gəlmək olmur”, – deyə Nolan Tianko bildirib.
Müxbir - Elcan Məmmədov