AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Vyetnamın rəsmi mətbu orqanı olan “Kommunist” jurnalının baş redaktorunun müavini Nquyen Nqok Hanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycan-Vyetnam əlaqələrinin böyük tarixi ənənələrə malik olduğunu bildirib. Prezident İlham Əliyevin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini deyən akademik İsa Həbibbəyli son illərdə iki ölkə arasında elm və təhsil sahəsində də əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, AMEA ilə Vyetnamın müvafiq elm və təhsil müəssisələri arasında yeni əlaqələr formalaşmaqdadır. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Vyetnam ədəbiyyatının inkişaf tarixinə həsr olunmuş Azərbaycan dilində monoqrafiya işıq üzü görüb və hazırda rus dilinə də tərcümə olunan nəşrin yaxın vaxtlarda çapı nəzərdə tutulur.
AMEA prezidenti, həmçinin Akademiyada “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini, tədbirdə Çin, Pakistan, Cənubi Koreya, Malayziya, Sinqapur və Vyetnam da daxil olmaqla bir sıra Asiya dövlətlərinin iştirak etdiyini söyləyib. Akademik İsa Həbibbəyli, o cümlədən Vyetnam Sosial Elmlər Akademiyasının vitse-prezidenti və nümayəndə heyətinin AMEA-nın 80 illik yubiley tədbirlərində də iştirak etdklərini deyib. Bundan əlavə, AMEA ilə Vyetnam Sosial Elmlər Akademiyası arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilənin bağlanması istiqamətində müzakirələrin aparıldığını bildirib.
Vyetnam nümayəndə heyətinin rəhbəri Nquyen Nqok Ha iki ölkə arasında güclü dostluq münasibətlərinin olduğunu vurğulayıb. Qonaq Azərbaycanda təhsil almış çoxsaylı vyetnamlı tələbələrin hazırda Vyetnamda rəhbər vəzifələrdə çalışdığını qeyd edib. Onun sözlərinə görə, həmin şəxslər dövlət idarəçiliyində, parlamentdə və müxtəlif sahələrdə rəhbər postlar tuturlar. O, həmçinin Azərbaycandan neft və qaz hasilatı sahəsində də qiymətli biliklər əldə etdiklərini bildirib. Vyetnam nümayəndəsi hər iki ölkənin hazırda güclü inkişaf prosesinə qədəm qoyduğunu diqqətə çatdırıb və qeyd edib ki, bu inkişafda elmi tədqiqatların rolu böyükdür və elmə olan ehtiyac hər keçən gün daha da artır.