Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb
Kəlbəcər, 9 oktyabr, AZƏRTAC
Azərbaycana ilk dəfədir gəlirəm. Kəlbəcərdə gördüklərim, xüsusilə Xudavəng monastırı məndə xoş təəssürat yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu ABŞ-nin Kaliforniya ştatından olan turist Çelsey Davis Xudavəng monastırı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
O bildirib ki, xristian olduğu üçün Azərbaycanda dini və tarixi ibadət məkanlarını ziyarət etməyi səbirsizliklə gözləyib: “Xudavəngdə belə bir monastırın olduğunu bilmirdim. Burada belə bir yerin olması məni təəccübləndirdi. Monastır çox gözəldir və ibadət etmək, dua etmək üçün gözəl məkandır. Bu yerin hər kəs üçün açıq olması da çox xoşuma gəldi. Xudavəngi digər insanlara da mütləq ziyarət etməyi tövsiyə edirəm”.
Kəlbəcərin təbiəti və şəhərdə aparılan quruculuq işləri barədə danışan amerikalı turist qeyd edib ki, bölgənin dağlıq relyefi və mənzərələri xüsusi maraq doğurur. “Burada çox gözəl mənzərələr var. Son zamanlar aparılan quruculuq işlərini də görmək imkanım oldu. İnsanların burada xoşbəxt və dinc yaşaması üçün şəhərin yenidən qurulması və bərpa olunması möhtəşəmdir. İndiyədək gördüklərimə əsasən düşünürəm ki, Kəlbəcər gələcəkdə turizm üçün əla bir məkan olacaq”, – deyə Çelsey Davis vurğulayıb.
Müxbir - Elcan Məmmədov