Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans
Bakı, 9 oktyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Folklor İnstitutu və Azərbaycan Aşıqlar Birliyinin birgə dəstəyi ilə Əməkdar mədəniyyət işçisi, ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş “Aşıq yaradıcılığı: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat bildirilib.
Konfransda Azərbaycan alimləri ilə yanaşı, Gürcüstanın Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu, Türkiyənin Çanaqqala On Səkkiz Mart Universiteti, Ərzincan Binəli Yıldırım Universiteti, Bursa Uludağ Universiteti, Ərdahan Universiteti, habelə Almaniya, Bolqarıstan, Orta Asiya ölkələrinin və başqa dövlətlərin alimləri iştirak ediblər.
Tədbiri AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq Akademiyanın humanitar elmlər sahəsində milli-mənəvi dəyərlərin, ədəbiyyatın, mədəniyyətin və Azərbaycan dilinin azərbaycançılıq ideyası əsasında daha dərindən öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyət göstərdiyini bildirib. Akademik qeyd edib ki, konfransın əsas məqsədlərindən biri aşıq yaradıcılığının müasir folklorşünaslığın tələbləri səviyyəsində araşdırılması və elmi dövriyyəyə gətirilməsidir. Akademiya rəhbəri, eyni zamanda Borçalı aşıq mühitinin Azərbaycan və Gürcüstan üçün ortaq mədəni dəyər olduğunu diqqətə çatdırıb.
Elmi konfransda Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxış edərək Aşıq Hüseyn Saraçlının özünəməxsus yaradıcılığı və ifadə tərzi ilə seçildiyini söyləyib. Onun xüsusilə dastanları canlı, epik və eyni zamanda yumorla zəngin təhkiyə üslubunda təqdim etdiyini deyən akademik Nizami Cəfərov bu sənətkarlıq xüsusiyyətlərinin ayrıca öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
Konfransda, həmçinin görkəmli dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetinin əməkdaşları - professor Ömər Solak, dosent Samet Doykun, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun Folklor departamentinin direktoru Ketevan Sixarulidze və AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev çıxış ediblər.
Tədbir çərçivəsində konfransın məsul katibi - filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı “Aşıq Hüseyn Saraçlı və onun Yaylaq səfəri. (Beşinci nəşr)” kitabının təqdimatı keçirilib.
Beynəlxalq elmi konfrans 8 bölmə üzrə iclaslarla davam edib. Daha sonra Aşıq Hüseyn Saraçlının həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.