Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva
Bakı, 9 oktyabr, AZƏRTAC
Kanadalı şair və yazıçı Enn Karsonun ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsi klassik ədəbi irsin müasir poetik təfəkkürlə yeni müstəvidə qovuşmasının əhəmiyyətini bir daha ön plana çıxarır.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin aparıcı elmi işçisi dosent Şükufə Vəliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, Enn Karsonun yaradıcılığının əsas xüsusiyyətlərindən biri müxtəlif tarixi dövrlər arasında poetik dialoq yaratmasıdır. Antik Yunanıstanın mifləri, poetik obrazları və fəlsəfi sualları Karsonun yaradıcılığında yalnız keçmişin izləri kimi deyil, müasir insanı düşündürən və yeni mənalar qazanan canlı estetik material kimi çıxış edir. Sapfonun fraqmentar poetikası, Evripidin faciəvi təfəkkürü, antik mifologiyanın çoxqatlı obrazları və klassik mətnlərin struktur imkanları yazıçının müasir poetik axtarışları ilə birləşərək yeni estetik bütövlük yaradır.
Ş.Vəliyeva qeyd edib ki, “Eros acı-şirindir”, “Şüşə, ironiya və Tanrı”, “Boş vaxtlardakı adamlar”, “Ərin gözəlliyi: 29 tanqoda bədii esse”, “Məhvolma”, “Gecə”, “Qırmızının tərcümeyi-halı” və “Qırmızı sənəd” kimi əsərlərdə bu yanaşmanın müxtəlif bədii təzahürlərini izləmək mümkündür. Onun fikrincə, Enn Karsonun yaradıcılığında poeziya və nəsr, mifik strukturlar və müasir reallıq, fərdi və kollektiv yaddaş, fəlsəfi təfəkkür və poetik intuisiya vahid bədii sistemdə birləşir. Bu xüsusiyyətlər janr sərhədlərinin dəyişməsinə və poetik mətnin çoxsəsli bədii-intellektual məkan kimi formalaşmasına şərait yaradır.
Alim vurğulayıb ki, Enn Karsonun klassik irsə münasibəti onun yalnız şair kimi deyil, həm də filoloq və tərcüməçi kimi mövqeyini müəyyənləşdirir. O, mətnin sözlərini müasir dilə çevirməklə kifayətlənmir, eyni zamanda, onun arxasında dayanan tarixi yaddaşı, mədəni kodları, poetik ritmi və insan təcrübəsini də yeni kontekstdə təqdim etməyə çalışır. Ş.Vəliyevanın qənaətinə görə, Karsonun yaradıcılığında tərcümə sadəcə bir dildən digərinə keçid deyil, müxtəlif zamanlar və mədəniyyətlər arasında yeni semantik qatların yarandığı poetik dialoq vasitəsidir. Bu baxımdan, onun yaradıcılığı klassik irsin müasir ədəbiyyatda necə yenidən mənalandırıldığını və fərqli estetik formalarda təqdim olunduğunu nümayiş etdirir.
Beləliklə, Enn Karsonun poetik irsi antik ədəbiyyatla müasir düşüncə arasında əlaqələrin yaradılması, janr sərhədlərinin yenilənməsi və dünya ədəbiyyatında mədəniyyətlərarası dialoqun genişlənməsi baxımından diqqətəlayiq nümunədir.
Müxbir - Tünzalə Arazlı