Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
Berlin, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Böyük Britaniyanın Baş naziri Endi Börnhem Almaniyaya ilk rəsmi səfəri çərçivəsində Berlində Kansler Fridrix Merts ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, liderlər ikitərəfli əlaqələr, xarici siyasət, Avropa və iqtisadiyyat məsələlərini geniş müzakirə ediblər.
Görüşün ən mühüm məqamı iki ölkə arasında dostluq və ikitərəfli əməkdaşlığı nəzərdə tutan Kensinqton müqaviləsinin mübadiləsi olub. Bununla da rəsmi şəkildə qüvvəyə minən müqavilə ikitərəfli münasibətlərdə tarixi mərhələ kimi qiymətləndirilib.
Kansler Fridrix Merts vurğulayıb ki, sənəd xüsusilə gənclər üçün yeni imkanlar açır. Belə ki, şagird və tələbə mübadiləsi vizasız rejimdə sadələşdirilir və iki ölkə arasında inteqrasiyanı dərinləşdirir.
Səfər çərçivəsində iki ölkə arasında Birgə Bəyannamə də imzalanıb. Sənəddə süni intellekt və kritik texnologiyalar üzrə “Texnoloji sənaye dəhlizi”nin yaradılması, hibrid təhdidlərə qarşı dözümlülük, kosmik tədqiqatlar və kvant texnologiyalarına 19,5 milyon avro məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Həmçinin hər iki hökumət başçısının regional iqtisadi artım, innovasiyalar və dövlət-biznes tərəfdaşlığının inkişafı məqsədilə təşkil olunmuş regional biznes-forumda iştirakı da nəzərdə tutulub.
Qeyd edək ki, ötən ilin iyulunda Londonda imzalanan Kensinqton müqaviləsi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından (Brexit) sonra London ilə Berlin arasında strateji əlaqələri yenidən nizamlayan ən əhatəli ikitərəfli dostluq paktıdır. Sənəd təhlükəsizlik, yüksək texnologiyalar və regional iqtisadiyyatla yanaşı, gənclərin və tələbələrin vizasız mübadilə proqramlarını asanlaşdırmaqla iki ölkə arasında tarixi inteqrasiyanı yeni müstəviyə qaldırır.