Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH
Bakı, 8 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı bu regionun dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi, həm ikitərəfli formatda, həm də ümumilikdə Mərkəzi Asiya kontekstində münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə əsas diqqət region ölkələri ilə münasibətlərə və daha geniş şəkildə əməkdaşlığına yönəlib. Bu baxımdan görüş iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm imkanlar yaradır.
“Azərbaycan və Mərkəzi Asiya ölkələri artıq yalnız coğrafi yaxınlıq və mövcud nəqliyyat dəhlizləri ilə deyil, bilavasitə ortaq iqtisadi maraqlarla da bir-birinə bağlanır. Orta Dəhliz ölkələri iqtisadiyyatın müxtəlif sektorlarında – logistika, enerji, ticarət və investisiya sahələrində qarşılıqlı əməkdaşlığa sövq edir”, - deyə iqtisadçı qeyd edib.
E.Əmirovun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu iştirakı, eləcə də növbəti Məşvərət görüşünün Bakıda keçirilməsinin nəzərdə tutulması regional iqtisadi layihələrin birgə müzakirəsi və əldə olunan razılaşmaların gələcəkdə reallaşdırılması baxımından önəmlidir.
İqtisadçı vurğulayıb ki, hazırda Mərkəzi Asiya respublikalarının resurslarının Avropaya ixracında, Avropadan müxtəlif məhsulların idxalında, o cümlədən enerji və qeyri-enerji resurslarının qarşılıqlı ticarətində Orta Dəhlizin rolu getdikcə artır.
“Azərbaycanın Orta Dəhliz çərçivəsində yaratdığı imkanlar ölkəmizi həm Mərkəzi Asiya ölkələri, həm də Avropa üçün əlverişli tərəfdaşa çevirib. Bu imkanlara Orta Dəhliz üzrə yaradılmış infrastruktur, ölkədəki siyasi sabitlik, bərqərar edilmiş sülh və Azərbaycanın qazandığı strateji tərəfdaş və etibarlı tərəfdaş mövqeyi daxildir. Məhz bu kontekstdə həm Avropa, həm də Asiya ölkələri, o cümlədən Türkmənistan, Qazaxıstan və Özbəkistan Azərbaycanla həm ikitərəfli, həm də regional əməkdaşlığın inkişafında maraqlıdırlar”, - deyə E.Əmirov əlavə edib.
O, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin artım potensialına da diqqət çəkib: “Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi təxminən 50 milyard dollar təşkil edir. Mərkəzi Asiya respublikaları ilə ticarət dövriyyəmiz isə 1,7 milyard dollardır. Son dövrlərdə bu göstərici təxminən 50 faiz artaraq həmin səviyyəyə çatıb. Cari ildə göstəricinin daha da yüksələcəyi gözlənilir. Qarşıdakı illərdə isə artım dinamikasının davam etməsi üçün ciddi potensial var”.
“Mərkəzi Asiya ölkələrinin Azərbaycanın ümumi ticarət tərəfdaşları arasında payı hazırda təxminən 3,5 faiz təşkil edir. Göründüyü kimi, burada böyük potensial mövcuddur. Orta Dəhlizin inkişafı və Mərkəzi Asiya ölkələri ilə müxtəlif əməkdaşlıq formatlarında əlaqələrin genişləndirilməsi, düşünürəm ki, qarşıdakı dövrdə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına öz töhfəsini verəcək”, - deyə iqtisadçı vurğulayıb.