Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir
Gəncə, 8 oktyabr, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və “Gəncə” voleybol klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə Gəncədə “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı altında ilk dəfə voleybol festivalı keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri, həmçinin dostluq oyunu keçirilir. 10–14 yaşlı uşaqlar arasında mini voleybol turniri, iştirakçılar üçün müxtəlif bacarıq və əyləncə proqramları təşkil edilib. Uşaqlar öz bacarıqlarını nümayiş etdirmək, voleybolun əsas elementlərini öyrənmək və idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə edirlər.
Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təşviqi məqsədi daşıyan festival müxtəlif idman və əyləncə proqramlarını özündə birləşdirir.
Festivalın xüsusi məqamlarından biri “Gəncə” klubunun 2026–2027-ci illər mövsümü üçün heyətinin təqdimatı olub. Komandanın yeni mövsüm üçün formalaşdırılan heyəti azarkeşlərə təqdim edilib.
Voleybolu, musiqini və əyləncəni bir araya gətirən festivalın sonunda iştirakçılar üçün xüsusi konsert proqramı təqdim olunub.
Müxbir - Elcan Məmmədov