BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) “4Sİ Akademiyası - Milli Proqram” layihəsinə həsr olunan məlumat sessiyası keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Coursera” şirkətinin birgə həyata keçirdiyi proqram tələbələrin rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də beynəlxalq təlim imkanlarından yararlanmalarının təşviqinə xidmət edir.
Tədbirdə BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağasi Məlikov sənaye inqilablarının cəmiyyətin həyatına və təhsil sisteminə təsirindən danışıb. O, “Milli Proqram”ın üstünlüklərinə diqqət çəkərək platforma vasitəsilə tələbələrin nüfuzlu alimlərin və aparıcı texnologiya şirkətlərinin mütəxəssislərinin mühazirələrini dinləmək, müasir bilik və bacarıqlara yiyələnmək imkanı qazandıqlarını bildirib. Prorektor proqram çərçivəsində BMU-nun əldə etdiyi nəticələrə də toxunub. Universitetin müxtəlif mərhələlər üzrə iştirakçı və tamamlanmış kurs sayına görə ölkə universitetləri arasında yüksək göstəricilər nümayiş etdirdiyini vurğulayan Ağasi Məlikov bu cür imkanların tələbələrin gələcəyinə qoyulan investisiya olduğunu deyib.
Sonra 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva gələcəyin peşələrinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalardan danışıb, bu prosesdə dövlətin, universitetlərin və işəgötürənlərin üzərinə düşən vəzifələrin əhəmiyyətini vurğulayıb. Xəyalə Fətullayeva müasir dünyanın tələblərinə uyğunlaşmağın və rəqəmsal bacarıqlara yiyələnməyin əmək bazarında rəqabətqabiliyyətliliyin artırılması baxımından vacib olduğunu qeyd edib. Bildirib ki, texnoloji dəyişikliklər və avtomatlaşdırma bəzi peşələrə tələbatı azaltsa da, yeni ixtisasların və iş imkanlarının yaranmasına da şərait yaradır. Bu baxımdan, süni intellekt və rəqəmsal texnologiya alətlərindən istifadə bacarıqları gələcəyin əmək bazarında uğur qazanmaq üçün mühüm amillərdən biridir.
Sessiyada 4SİM-in data analitiki Aytən Ağayeva və Rəqəmsal iqtisadiyyat şöbəsinin mütəxəssisi Tural Qurbanlı da çıxış ediblər. Onlar proqramın məqsəd və imkanları, əsas kurs istiqamətləri, süni intellekt əsaslı “Coursera AI Assistant” funksiyası, “Rəqəmsal nişan” sistemi, eləcə də cari mərhələyə qoşulma və qeydiyyat qaydaları barədə məlumat veriblər.
Çıxışlar zamanı proqram çərçivəsində BMU-nun bəzi iştirak göstəriciləri də diqqətə çatdırılıb. Qeyd olunub ki, üçüncü mərhələdə ( iyunun 22-dən sentyabrın 14-dək ) BMU ölkə universitetləri arasında iştirakçı sayına görə 7-ci, tamamlanmış kursların sayına görə 8-ci olub. İkinci mərhələdə isə (2025-ci il aprelin 1-dən - 2026-cı il aprelin 1-dək) universitet iştirakçı sayına görə 6-cı, tamamlanmış kursların sayına görə 1-ci yeri tutub.
Tədbirin sonunda tələbələr arasında interaktiv sorğu keçirilib və qaliblər mükafatlandırılıblar.