Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Türkmənbaşı görüşünün ən mühüm nəticələrindən biri Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıqda artıq kənardan tərəfdaş deyil, regional iqtisadi proseslərin bilavasitə iştirakçısı və inteqrasiyaedici aktoru kimi çıxış etməsidir. Azərbaycanın ötən il bu məşvərət formatının tamhüquqlu üzvünə çevrilməsi də məhz bu reallığı institusional baxımdan təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün regionda siyasi dialoqun və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçidini nümayiş etdirən mühüm platforma olduğunu bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq nəqliyyat, logistika, enerji, investisiya, rəqəmsal transformasiya və sənaye kooperasiyasını əhatə edən genişmiqyaslı regional əməkdaşlıq modelinə çevrildiyini göstərir: “Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb. Bu, olduqca mühüm göstəricidir. Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 2025-ci ildə 48,9 milyard dollar təşkil edib. Bunun 24,5 milyard dolları ixracın, 24,4 milyard dolları isə idxalın payına düşüb. Lakin daha mühüm məsələ təkcə ticarətin artması deyil, onun strukturunun dəyişməsidir. Prezidentin çıxışında xüsusi vurğulanan 400-dən çox Mərkəzi Asiya kapitallı şirkətin Azərbaycanda fəaliyyət göstərməsi qarşılıqlı iqtisadi əlaqələrin artıq ticarətdən investisiya mərhələsinə keçdiyini göstərir”.
TDAM rəhbəri qeyd edib ki, Azərbaycan son illərdə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb və bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar səviyyəsindədir: “Bu mexanizmlər gələcəkdə iqtisadi inteqrasiyanın ən mühüm alətlərindən birinə çevrilə bilər. Burada Prezident İlham Əliyevin səsləndirdiyi bir fikir xüsusilə diqqətəlayiqdir: ölkələr yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli, birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıdırlar. Bu, əslində, regional iqtisadi inteqrasiyanın mahiyyətidir.
Prezident İlham Əliyevin çıxışında nəqliyyat və logistika məsələsinə xüsusi yer ayrılması təsadüfi deyil. Bu gün Xəzər dənizi artıq Azərbaycan ilə Mərkəzi Asiya arasında sadəcə coğrafi ayrıcı deyil, əksinə, iqtisadi əlaqələndirici platformaya çevrilir. Azərbaycan son illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, dəmir yollarına, avtomobil yollarına və hava limanlarına böyük investisiyalar yatırıb. Xəzərin hər iki sahilində formalaşan nəqliyyat infrastrukturu Mərkəzi Asiya ölkələrini Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına bağlayan logistika sisteminin əsas elementləridir. Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi 2025-ci ildə 10 faizdən çox, 2026-cı ilin ilk 8 ayında isə təxminən 20 faiz artıb. Bu artımın strateji əhəmiyyəti ondan ibarətdir ki, Orta Dəhliz artıq yalnız alternativ nəqliyyat marşrutu deyil, Avrasiya ticarət sisteminin yeni dayaq xətlərindən birinə çevrilir.
Azərbaycan üçün burada əlavə iqtisadi üstünlük ondan ibarətdir ki, ölkə yalnız tranzit ərazisi kimi deyil, logistika, anbar, gömrük, sığorta, maliyyə, rəqəmsal xidmətlər və istehsal zəncirlərinin iştirakçısı kimi əlavə dəyər yarada bilər. Bu baxımdan Azərbaycanın əsas məqsədi yalnız “yükün ərazidən keçməsi” deyil, yükün yaratdığı əlavə iqtisadi dəyərin mümkün qədər böyük hissəsinin ölkə və region daxilində formalaşması olmalıdır”.
İ.Hüseynov vurğulayıb ki, Prezidentin çıxışında diqqət çəkən digər istiqamət “Rəqəmsal İpək Yolu” layihəsidir: “Xəzər dənizinin dibi ilə fiber-optik infrastrukturun inkişafı gələcəkdə yalnız telekommunikasiya imkanlarının genişləndirilməsi demək deyil. Bu layihə Azərbaycan və Mərkəzi Asiyanın rəqəmsal iqtisadiyyatlarının bir-birinə bağlanması baxımından strateji əhəmiyyət daşıyır. Növbəti mərhələdə bu infrastrukturu rəqəmsal ticarət, elektron gömrük, elektron logistika, fintech, süni intellekt, bulud texnologiyaları və məlumat mərkəzləri ilə əlaqələndirmək mümkündür.
Beləliklə, XXI əsrin İpək Yolu yalnız dəmir yolu və avtomobil yollarından ibarət olmayacaq. Onun fiziki və rəqəmsal komponentləri paralel inkişaf edəcək. Türk dünyası üçün növbəti strateji hədəflərdən biri vahid rəqəmsal iqtisadi məkanın formalaşdırılması olmalıdır. Burada elektron imzanın qarşılıqlı tanınması, rəqəmsal gömrük sistemlərinin inteqrasiyası, elektron ödənişlər, fintech platformaları, rəqəmsal identifikasiya və transsərhəd elektron ticarətin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının digər strateji istiqaməti enerjidir. Hazırda Türkmənistan və Qazaxıstanın neft resurslarının Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına çıxarılması Xəzərin iki sahilini vahid enerji-logistika sistemində birləşdirir. Lakin qarşıdakı dövrdə daha böyük potensial bərpaolunan enerji və yaşıl enerji dəhlizlərindədir.
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlıq artıq konkret institusional məzmun alıb. Bu əməkdaşlıq gələcəkdə Mərkəzi Asiyanın nəhəng Günəş və külək potensialının Xəzər dənizi vasitəsilə Azərbaycan və daha sonra Avropa enerji bazarlarına çıxarılması üçün yeni imkanlar yarada bilər.
Beləliklə, Xəzər regionunda neft və qazın daşınmasına əsaslanan enerji əməkdaşlığından elektrik enerjisi, yaşıl hidrogen və rəqəmsal enerji şəbəkələrini əhatə edən yeni enerji inteqrasiyasına keçid mümkündür”.