Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH
Bakı, 8 oktyabr, AZƏRTAC
Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü Azərbaycan ilə region ölkələri arasında münasibətlərin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq müstəvisinə keçdiyini göstərir. Görüşdə qəbul edilən Birgə Bəyanat və digər sənədlər bu əməkdaşlığın siyasi iradə ilə yanaşı, konkret iqtisadi, nəqliyyat və enerji layihələri ilə də möhkəmləndiyini nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.
O bildirib ki, Azərbaycanın bu prosesdə mövqeyi xüsusilə diqqət çəkir. Ölkəmiz coğrafi baxımdan Mərkəzi Asiya ilə Avropa arasında təbii körpü olmaqla yanaşı, regionun enerji və nəqliyyat resurslarının dünya bazarlarına çıxarılmasında mühüm tranzit imkanlarına malikdir. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin artması Bakının regional enerji-logistika xəritəsindəki əhəmiyyətini daha da artırır.
“Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında ən mühüm istiqamətlərdən biri nəqliyyatdır. Xəzər dənizindən keçən marşrutlar Mərkəzi Asiyanı Azərbaycan, oradan isə Türkiyə və Avropa bazarları ilə birləşdirir. Bu baxımdan, Orta Dəhlizin inkişafı yalnız yükdaşımaların artırılması deyil, həm də Azərbaycanı Şərq-Qərb ticarətinin əsas bağlantı nöqtələrindən birinə çevirən strateji prosesdir. Xəzərin hər iki sahilində infrastrukturun inkişaf etdirilməsi bu marşrutun daha sürətli, səmərəli və rəqabətqabiliyyətli olmasına imkan yarada bilər.
Enerji sahəsində isə Azərbaycanın rolu daha geniş məzmun alır. Əvvəllər əsasən neft və qazın tranziti ilə xarakterizə olunan əməkdaşlıq indi bərpaolunan enerji istiqamətini də əhatə edir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləməsi regionun enerji potensialının Avropa bazarlarına çıxarılması baxımından mühüm perspektiv yaradır. Bu, Azərbaycanın enerji xəritəsində yalnız ənənəvi enerji resurslarının tranzit ölkəsi deyil, həm də yaşıl enerjinin ixracında potensial mərkəz kimi mövqeyini gücləndirir. Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi əlaqələrinin genişlənməsi də diqqətəlayiqdir. Prezidentin açıqladığı məlumatlara görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb. Ölkədə region dövlətlərinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi isə əlaqələrin yalnız dövlətlərarası siyasi münasibətlərlə məhdudlaşmadığını, biznes və investisiya müstəvisində də dərinləşdiyini göstərir. Birgə investisiya fondlarının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış fondların yüz milyonlarla dollar həcmində kapitala malik olması gələcəkdə yalnız ticarətin deyil, birgə istehsal və investisiya layihələrinin də genişlənməsinə şərait yarada bilər. Bu yanaşma Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni mərhələnin göstəricisidir”,-deyə N.Aslanov vurğulayıb.
Deputatın sözlərinə görə, Azərbaycan–Türkmənistan münasibətlərinin son illərdə dinamik inkişafı da ümumi regional mənzərənin mühüm hissəsidir. Enerji, nəqliyyat və Xəzər üzərindən əlaqələr Bakı-Aşqabad münasibətlərinin strateji əhəmiyyətini artırır. Türkmənbaşıda keçirilən görüşün özü də Xəzər hövzəsinin Azərbaycan ilə Mərkəzi Asiya arasında əməkdaşlıq platforması kimi əhəmiyyətinin artdığını göstərir.
“Azərbaycanın Mərkəzi Asiya siyasətində əsas üstünlüyü onun Şərq ilə Qərb arasında yerləşən nəqliyyat mövqeyini, enerji infrastrukturunu və siyasi-diplomatik imkanlarını vahid strategiyada birləşdirə bilməsidir. Bakı həm Mərkəzi Asiyanın Avropa ilə əlaqələndirilməsində tranzit ölkə, həm enerji resurslarının dünya bazarlarına çıxışında mühüm tərəfdaş, həm də investisiya və istehsal əməkdaşlığının təşəbbüskarlarından biri kimi çıxış edir. Bu mənada Türkmənbaşı görüşünün nəticələri Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir. Qarşıdakı dövrdə nəqliyyat dəhlizlərinin genişləndirilməsi, yaşıl enerji layihələrinin reallaşdırılması, qarşılıqlı investisiyaların artırılması və Xəzər dənizi vasitəsilə logistikanın gücləndirilməsi Azərbaycanın regiondakı strateji rolunu daha da möhkəmləndirə bilər. Əsas məqam isə budur: Azərbaycan artıq Mərkəzi Asiya ilə Avropa arasında, sadəcə, coğrafi körpü deyil, enerji, nəqliyyat, investisiya və ticarət əlaqələrinin formalaşmasında fəal regional aktor kimi çıxış edir. Türkmənbaşı görüşü də bu reallığın siyasi səviyyədə təsdiqi kimi qiymətləndirilə bilər”, - deyə o əlavə edib.