Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Müəllim və valideyn arasında düzgün ünsiyyətin qurulması şagirdin fərdi inkişaf xüsusiyyətlərinin nəzərə alınması və onun təlim nəticələrinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Valideynlərin övladlarının daha yüksək nəticə göstərməsi istəyindən irəli gələrək onlara həddindən artıq tədris yükünün verilməsini tələb etməsi isə bəzən uşağın fərdi xüsusiyyətlərinin diqqətdən kənarda qalmasına səbəb ola bilər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 276 nömrəli məktəbin ibtidai sinif müəllimi Nərmin Bağırova deyib. Müəllim bildirib ki, valideynə uşağın fərdi inkişaf xüsusiyyətləri, psixoloji vəziyyəti və öyrənmə tempi barədə düzgün məlumat verilməsi onun inkişafında müsbət nəticələrin əldə olunmasına kömək edir.
“Bəzən valideynlər övladlarının daha çox bilməsini, daha çox məlumat əldə etməsini və yüksək nəticələr göstərməsini arzulayırlar. Bu istək, əlbəttə, başadüşüləndir. Lakin elə hallar olur ki, valideyn uşağın daha çox öyrənməsi üçün ona həddindən artıq material yüklənməsini düzgün yanaşma hesab edir. Düşünürlər ki, uşaq nə qədər çox məlumat öyrənsə, bir o qədər yüksək nəticə göstərəcək. Halbuki hər bir uşağın fərdi inkişaf xüsusiyyətləri, öyrənmə qabiliyyəti və tempi, psixoloji vəziyyəti, diqqət və qavrama imkanları fərqlidir. Buna görə də bütün uşaqlara eyni yanaşmanın tətbiq edilməsi və onların imkanları nəzərə alınmadan əlavə yükün verilməsi gözlənilən nəticəni yaratmaya bilər. Hesab edirəm ki, belə məqamlarda müəllimin əsas vəzifələrindən biri valideynə uşağın fərdi xüsusiyyətlərini düzgün izah etməkdir. Valideyn bilməlidir ki, onun övladı hansı tempdə öyrənir, hansı mövzulara daha asan yiyələnir, hansı məsələlərdə əlavə dəstəyə ehtiyac duyur. Uşağın psixoloji vəziyyətini də nəzərə almaq vacibdir. Çünki uşaq özünü rahat və təhlükəsiz hiss etmədikdə, üzərinə həddindən artıq yük qoyulduqda onun öyrənməyə marağı da azala bilər. Belə hallarda valideynlə qarşıdurmaya getmək, onu qınamaq və ya irad bildirmək düzgün yanaşma deyil. Əksinə, müəllim valideynlə əməkdaşlıq etməli, uşağın inkişaf xüsusiyyətlərini ona aydın şəkildə izah etməlidir. Valideyn də öz növbəsində müəllimin müşahidələrinə və tövsiyələrinə diqqətlə yanaşmalıdır. Çünki müəllim uşağın dərs prosesindəki davranışını, öyrənmə tempini, hansı məsələlərə maraq göstərdiyini və hansı mövzularda çətinlik çəkdiyini daha yaxından müşahidə edir. Valideyn və müəllim uşağın inkişafına eyni istiqamətdən yanaşdıqda daha müsbət nəticə əldə etmək mümkündür. Əsas məqsəd uşağı yalnız yüksək nəticəyə yönəltmək deyil, onun sağlam psixoloji mühitdə, öz imkanlarına uyğun şəkildə inkişaf etməsinə şərait yaratmaqdır. Valideyn uşağının fərdi xüsusiyyətlərini düzgün anladıqda və müəllimlə əməkdaşlıq etdikdə onun ehtiyaclarına uyğun dəstək göstərə bilir. Bu əməkdaşlıq isə uşağın həm təlim nəticələrinin, həm də özünəinamının və öyrənməyə marağının formalaşmasına müsbət təsir göstərir”, - deyə müəllim əlavə edib.
Nərmin Bağırova qeyd edir ki, valideynin əsas məqsədi övladının daha çox bilik əldə etməsi və yüksək nəticə göstərməsi olsa da, bu məqsədə çatmaq üçün uşağın fərdi imkanları və inkişaf xüsusiyyətləri nəzərə alınmalıdır. Müəllim-valideyn əməkdaşlığının düzgün qurulması isə şagirdin həm təlim prosesinə, həm də ümumi inkişafına müsbət təsir göstərir.