Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ
London, 8 oktyabr, AZƏRTAC
Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğma mətbəxin dadları üçün də bir o qədər darıxır. Lakin xaricdə yaşayarkən belə zəhmətli yeməkləri hazırlamağa hər zaman vaxt tapılmır."
Londonda doğulub boya-başa çatan 24 yaşlı Diana Daşdəmirova artıq 6 ildir bacısı ilə birlikdə şəhərdəki yeganə Azərbaycan restoranını işlədir. Paytaxtın İslinqton bölgəsində yerləşən “Land of Fire” restoranına baş çəkərək milli mətbəximizin burada necə təqdim olunduğunu və Azərbaycan dadlarının Londonda necə qarşılandığını öyrəndik. Burada xəngəldən aş-qara plova, dovğadan qutaba, yarpaq və kələm dolmasından çoban qovurmasınadək milli mətbəximizin bir çox ləziz təamını tapmaq mümkündür. Əvvəlcədən sifariş verildikdə isə piti və ləvəngi də hazırlanır. Diananın sözlərinə görə, əsas məqsədlərindən biri Azərbaycan mətbəxi vasitəsilə ölkəmizi və mədəniyyətimizi əcnəbilərə daha yaxından tanıtmaqdır.
Onun sözlərinə görə, xarici qonaqlar ən çox aş-qara plovu və xəngəli sevirlər. Aş-qara plovda şirin və turş dadların birləşməsi xüsusilə maraq doğurur. Xəngəl isə bir çox xarici qonağın öyrəşdiyi gürcü xəngəlindən tam fərqli olduğu üçün onların diqqətini çəkir. Diana bildirir ki, qonaqlar yeməklərlə maraqlanarkən çox vaxt Azərbaycan haqqında da suallar verirlər: “Biz də çalışırıq ki, onların ölkəmizin tarixi, mədəniyyəti və adət-ənənələri ilə bağlı suallarını cavablandıraq. Əlimizdən gəldiyi qədər Azərbaycanı tanıtmağa çalışırıq”.
Restoranın aşpazı da azərbaycanlıdır. Diana zarafatla deyir ki, bunun sayəsində bütün yeməklərə “Azərbaycan əli dəyir”.
24 yaşında belə bir restoranı idarə etməyin çətinliklərindən danışan Diana deyir ki, ən böyük məsuliyyət yeməklərin dadını Azərbaycandakı kimi qoruyub saxlamaqdır. Buna görə də məhsulların keyfiyyətinə xüsusi diqqət yetirirlər.
O bildirir ki, restoran fəaliyyətə başlayanda xarici qonaqların bir çoxunun Azərbaycan haqqında məlumatı çox az idi. Son illərdə isə Formula 1, COP29 və digər beynəlxalq tədbirlər sayəsində ölkəmizi tanıyanların sayı artıb.
“Biz də öz tərəfimizdən Azərbaycanı tanıtmağa çalışırıq. Bir nəfərə belə ölkəmiz haqqında yeni məlumat verə biliriksə, bu, bizim üçün böyük sevincdir”, – deyə Diana bildirir.
Gələcəkdə isə onların məqsədi restoranın yeni filiallarını açmaq və Azərbaycan mətbəxini daha geniş auditoriyaya tanıtmaqdır.
Mən də çəkilişdən sonra aş-qara plovun, qutabın və dovğanın dadına baxdım. Sonda isə Azərbaycan çayı və paxlava ilə yeməyimizi tamamladıq. Beləcə, Londonda bir neçə saatlıq da olsa, özümü yenidən Azərbaycanda hiss etdim.