Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan haqqında beynəlxalq informasiya məkanında növbəti dezinformasiya iddiaları ciddi narahatlıq doğurur. Media və Yayım Şurasının 7 oktyabr 2026-cı il tarixli açıqlaması bir daha göstərir ki, ölkəmizlə bağlı yayılan məlumatların etibarlılığı və onların arxasında dayanan məqsədlər diqqətlə araşdırılmalıdır. Açıqlamada Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı istintaq çərçivəsində Azərbaycanın adının hallandırılması və bu barədə ilkin olaraq “Der Spiegel” nəşrinin yaydığı iddiaların sonradan “Reuters”, “AFP”, “France 24” və digər nüfuzlu beynəlxalq media qurumları tərəfindən tirajlanması Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli söyləyib.
Onun sözlərinə görə, təəssüf ki, özünü müstəqil, obyektiv və peşəkar jurnalistikanın təmsilçisi kimi təqdim edən bəzi Avropa media qurumlarında da faktların təhrif edilməsi, hətta tamamilə uydurulmuş materialların dərc olunması hallarına rast gəlinib. Hətta Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalında 2018-ci ildə baş vermiş qalmaqalı xatırlamaq kifayətdir. Jurnalın əməkdaşı Klaas Relotiusun illərlə saxta reportajlar hazırladığı, hadisələri və müsahibələri uydurduğu üzə çıxdı. Bu faktı “The Guardian” və “Euronews” kimi beynəlxalq media qurumları da geniş işıqlandırdı. Hətta həmin dövrdə ABŞ-nin Almaniyadakı səfiri bu hadisəni mediada Amerikaya qarşı institusional qərəzin göstəricisi kimi qiymətləndirmişdi. Bu nümunə göstərir ki, Qərb mediasında dərc olunan hər material avtomatik olaraq həqiqət və obyektivlik meyarı sayıla bilməz.
“Mən hesab edirəm ki, Azərbaycana münasibətdə müəyyən media dairələrində müşahidə etdiyimiz birtərəfli yanaşmaları və təkrarlanan dezinformasiya hallarını sadəcə təsadüfi jurnalist səhvləri kimi qəbul etmək düzgün olmazdı. Belə halların sistematik xarakter alması siyasi qərəz, məqsədli informasiya manipulyasiyası və müəyyən maraqlara xidmət edən narrativlər barədə ciddi suallar yaradır. Mətbuat azadlığı yalan məlumat yaymaq azadlığı deyil! Müstəqillik iddiası da heç kimə faktları saxtalaşdırmaq və bütöv bir ölkə haqqında qərəzli təsəvvür formalaşdırmaq hüququ vermir”, - deyə R.İskəndərli vurğulayıb.