“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ
Çinli rəssam: Azərbaycanın zəngin mədəni sintezi uzun müddətdir diqqətimi çəkir
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 30-dan noyabrın 1-dək Bakıda ikinci dəfə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı təşkil olunacaq. Festival çərçivəsində şəhərin müxtəlif məkanlarında Azərbaycan və beynəlxalq müasir incəsənəti əhatə edən sərgi layihələri təqdim ediləcək.
Proqramın mühüm tədbirlərindən biri kimi çinli rəssam Canq Cinin fərdi sərgisi Heydər Əliyev Mərkəzində nümayiş olunacaq. Rəssam “Həqiqət dərisi” (The Skin of Truth) silsiləsində dini memarlığa müasir elmi və texnoloji dünyada da əhəmiyyətini qoruyan qədim bir həqiqətin izi kimi yanaşır. O, məscid, sinaqoq və kilsələrin memarlıq naxışlarından ilhamlanaraq onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir.

Əsərlərin yaradılma prosesi böyük səbir və vaxt tələb edir. Canq Ci boyanı kətan üzərinə şpris vasitəsilə incə və dəqiq şəkildə tətbiq edir. Bəzi əsərlərin hazırlanmasında hər biri 170 millilitr olmaqla 120-yə qədər boya tüpündən istifadə olunur. Nəticədə kətanda mürəkkəb, təkrarlanan naxışlar yaranır və əsərlər bəzən barelyef heykəllərini xatırladır. Bu texnika əsərdə möhkəmliklə keçicilik, quruluşla dağılma arasında maraqlı vizual tarazlıq yaradır.
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” sərgisinə hazırlıq ərəfəsində çinli rəssam Canq Ci AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Məscid memarlığının vizual dili yaradıcılığınıza necə təsir göstərib?
-Bu üslubda işləməyə başlayanda konkret bir mövzudan çıxış etmirdim. Yaradıcılığım daha çox tekstil fakturasını xatırladan, sonsuz təkrarlardan ibarət “maksimalist” abstrakt rəngkarlıq idi. Lakin məscid memarlığındakı dekorativ naxışlar məndə fərqli bədii assosiasiyalar və intellektual rezonans doğurdu.
- “Həqiqət dərisi” (The Skin of Truth) silsiləsinin əsas ideyası necə yarandı?

- Cənubi İspaniyaya səfərim zamanı Əlhambra sarayı və Kordova Məscid-Katedralında yaşadığım dərin təəssüratlar bu silsiləyə “Həqiqət dərisi” adını verməyimə təkan verdi. Əslində, “Həqiqət dərisi” həmin dövrdə qələmə aldığım bir şeirin misrasıdır.
- Müqəddəs memarlıq elementlərini müasir rəngkarlıq dili ilə yeni kontekstdə təqdim etmək sizin üçün nə ifadə edir?
- Bu, ilk növbədə, qədim insanların düşüncə məntiqinə və davranışlarına olan uzunmüddətli marağımdan qaynaqlanır. Hesab edirəm ki, tarix sadəcə keçmiş hekayələr toplusu deyil, həm də bir metodologiyadır. Müqəddəs dini memarlıq bəşəriyyətin həqiqətə və saf bağlılığa doğru ən ali axtarışını təcəssüm etdirir. Bu da mənim yaradıcılığımda rəhbər tutduğum bədii məntiqlə tam üst-üstə düşür.
- Əsərlərinizdə təkrar və sonsuzluq anlayışlarını necə araşdırırsınız?
- Sonsuz təkrar müasir incəsənətdə fərdi üslubların kütləvi şəkildə çoxalması tendensiyasına qarşı çıxmaq, əks istiqamətdə addımlamaq cəhdimdir. Mənim üçün “sonsuzluq” kainatı ifadə edirsə, “təkrar” dövrlərə və mərhələlərə işarə edir.

- Əsərlərinizin “Art Weekend 2026” çərçivəsində, Bakının zəngin memarlıq irsi və Azərbaycanın çoxqatlı mədəni mühiti fonunda təqdim olunması sizin üçün nə ifadə edir?
-Qədim dövrlərdən Avrasiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan həmişə Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkan olub. Ölkənizin bu zəngin mədəni sintezi uzun müddətdir diqqətimi çəkir və məndə böyük maraq doğurur. Əsərlərimi “Art Weekend 2026” çərçivəsində məhz burada təqdim etmək mənim üçün çoxdan arzuladığım bir an və yaradıcılıq karyeramda mühüm mərhələdir.