Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Xalça Muzeyində Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatının açılış mərasimi üçün xüsusi olaraq hazırlanmış geyimlərə həsr olunmuş “Tarixə toxunuş” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələrindən ilhamlanaraq dizayner-modelyer Ləman Süleymanovanın hazırladığı səkkiz səhnə geyimi təqdim olunub.
Ekspozisiyada, həmçinin geyimlərin hazırlanması zamanı ilham mənbəyi kimi istifadə olunan Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX-XX əsrlərə aid xalçalar nümayiş etdirilib. Xalçaların zəngin naxışları və rəng çalarları dizaynerin yaradıcı təfsirində müasir səhnə geyimlərində yeni bədii ifadə qazanaraq ənənə ilə müasirliyin vəhdətini əks etdirib.
Açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülkər Abbasova, “Azərxalça” ASC-nin kreativ direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sərginin kuratoru Əsmər Abdullayeva, Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi Xədicə Əsədova və dizayner-modelyer Ləman Süleymanova çıxış ediblər.
L.Süleymanova bildirib ki, art-obyektləri hazırlayarkən Azərbaycan mədəniyyətinin zənginliyini qadın obrazları vasitəsilə göstərməyə çalışıb.
“Biz elə bir sintez yaratdıq ki, xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir. Məni xüsusilə də zəngin naxışları və detalları ilə Qarabağ xalçaları ilhamlandırdı. Azərbaycanın hər bir bölgəsi öz mədəniyyətini daşıyır və xalçaçılıq sənətini öyrəndikcə nə qədər zəngin olduğumuzu anlamaq olur”, – deyə dizayner qeyd edib.
X.Əsədovanın fikrincə, cüdo və xalçaçılıq sənəti ilk baxışdan fərqli sahələr olsa da, onları səbir, mükəmməlliyə can atmaq, iradə, çeviklik və fədakarlıq kimi keyfiyyətlər birləşdirir: “Təqdim olunan geyimlərdə günümüzədək qorunub saxlanılan qədim Azərbaycan xalçalarının elementlərini və motivlərini görmək mümkündür. Onların hər biri xoş mənalar daşıyır və xoş niyyətləri simvolizə edir”.
Onun sözlərinə görə, komanda layihə üzərində təxminən üç ay işləyib və bütün art-obyektlər əl ilə hazırlanıb. İş zamanı ənənəvi xalça motivlərindən ilhamlanan fərdi çap nümunələrindən və naxışlardan istifadə olunub.
Ekspozisiyanı cüdo üzrə dünya çempionatının açılış mərasimindən foto və videomateriallar tamamlayır.
“Tarixə toxunuş” sərgisi oktyabrın 11-dək davam edəcək.