Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
Bakı, 7 oktyabr, AZƏRTAC
Türkiyə Cümhuriyyəti Yunis Əmrə İnstitutunun şəhərimizdə qonaq olan bir qrup müəllim və tələbəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, qonaqlar muzeyin ekspozisiya zallarını gəzib, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun bələdçiliyi ilə Azərbaycan ədəbiyyatı və tarixinin qədim və müasir dövr salnaməsi ilə tanış olublar.
Yunis Əmrə İnstitutunda Azərbaycan ədəbiyyatı üzrə də dərslərin keçirildiyini vurğulayan müəllimlər klassik və XX əsr ədəbiyyatımızın nümayəndələri haqqında izahatı maraqla dinləyiblər.
Qonaqlar muzeyin “Rəylər kitabı”nda da təəssüratlarını bölüşüblər.