Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk
Bakı, 7 oktyabr, AZƏRTAC
Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestrinin festival çərçivəsində çox gözəl fəaliyyətləri oldu. Üzeyir bəyin yaradıcılığı dünyada nə qədər tanınsa və sevilsə də, çalışırıq ki, onun yaradıcılığını daha böyük səhnələrdə, daha geniş coğrafiyada, müxtəlif ölkələrdə təqdim edək və əsərlərini beynəlxalq auditoriyaya çatdıraq.
Bunu AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib.
Onun sözlərinə görə, həmçinin estrada-simfonik orkestr və digər kollektivlərin qastrol səfərləri çərçivəsində bir çox konsertlər keçirilir. Bu qastrol proqramları yanvar ayından dekabr ayının sonuna qədər davam edir. Azərbaycanda da həmin konsertlərə böyük maraq göstərilir. Kollektivlər hər zaman bu konsertlərdə yüksək peşəkarlıq nümayiş etdirirlər.
“Növbəti festivallarda xarici musiqiçilərlə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Hazırda Avstriyadan olan bir dirijorla danışıqlar aparılır. O da Azərbaycan musiqisinə maraq göstərir və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının orkestri ilə bağlı maraqlı layihələri var. Həmin layihələrin həyata keçirilməsinə dəstək veriləcək. Məqsəd maraqlı layihələri reallaşdırmaq və Azərbaycan musiqisinin təbliğini daha da genişləndirməkdir”, - deyə nazir müavini qeyd edib.