Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Zaqatala rayonunda yerləşən xurma təsərrüfatlarında fitosanitar monitorinq aparıb və təsərrüfat sahibləri üçün maarifləndirmə tədbirləri keçiriblər.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, monitorinq zamanı xurma ağaclarının fitosanitar vəziyyəti qiymətləndirilib, əvvəlcədən quraşdırılmış feromon tələlərə baxış keçirilib. Zəruri hesab olunan sahələrdə əlavə feromon tələləri yerləşdirilib. Həmçinin bitkilərin sağlamlıq və inkişaf vəziyyəti yoxlanılıb, karantin tətbiq edilən zərərvericilərin mövcudluğu və yayılma riski qiymətləndirilib.
Təsərrüfat sahibləri və işçilərin iştirakı ilə keçirilən maarifləndirmə tədbirlərində bağların mövcud fitosanitar vəziyyəti barədə məlumat verilib. Zərərli orqanizmlərin vaxtında aşkarlanmasının, onların yayılmasının qarşısının alınmasının və mübarizə tədbirlərinin düzgün həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Bununla yanaşı, məhsulların yığımı, daşınması və saxlanılması zamanı fitosanitar tələblərə riayət olunmasının vacibliyi vurğulanıb və təsərrüfat sahiblərinə müvafiq tövsiyələr verilib.
Maarifləndirmə tədbirləri çərçivəsində Şəki-Zaqatala bölgəsində yayılması müşahidə olunan qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə də məlumat verilib. Bildirilib ki, zərərvericinin vaxtında aşkarlanması və mütəxəssislərin tövsiyələri əsasında müvafiq mübarizə tədbirlərinin həyata keçirilməsi vacibdir.