Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
Bakı, 6 oktyabr, AZƏRTAC
Polşanın Baş naziri Donald Tusk bildirib ki, hökumət oktyabrın 6-da 2027–2031-ci illər üçün ümumi dəyəri 102,4 milyard zlotı (təxminən 26 milyard dollar) olan mülki müdafiə və əhalinin mühafizəsinə yönəlmiş proqramın təsdiqinə dair qərar layihəsini qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə Nazirlər Şurasının iclası ərəfəsində çıxışı zamanı bildirib.
“Evropeyskaya Pravda” qəzetinin yazdığına görə, Donald Tusk bildirib ki, Polşa indiyədək bu cür proqram çərçivəsində əsasən fövqəladə ehtiyaclar üçün, məsələn, elektrik enerjisinin kəsilməsi təhlükəsi yarandıqda generatorların alınmasına vəsait ayırıb.
Tuskun sözlərinə görə, yeni proqram çərçivəsində vəsait qoruyucu qurğuların, həmçinin avadanlıq və xilasetmə vasitələrinin alınmasına, su və enerji təchizatının fasiləsiz təmin edilməsi imkanlarının yaradılmasına, eləcə də yalnız müharibə dövrü üçün deyil, təbii fəlakətlər kimi digər fövqəladə hallarda istifadə olunacaq ehtiyatların toplanacağı yerlərin və bununla bağlı prosedurların hazırlanmasına yönəldiləcək.
Polşa hazırda “müharibəqabağı vəziyyət” adlandırılan xüsusi hüquqi rejimlə bağlı qanun layihəsi hazırlayır. Bu qanun ölkənin hələ rəsmi olaraq müharibə vəziyyətində olmadığı, lakin təhlükə səviyyəsinin sülh dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olduğu şəraitdə görüləcək tədbirlərin qaydalarını müəyyən etməlidir.