İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır
Bakı, 7 oktyabr, AZƏRTAC
"İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusu itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların ailələrinin iztirablarının azaldılması və konkret nəticələr əldə etmək üçün əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə məsuliyyət ortaya qoyur. Bu mövzu fundamental bir reallığı əks etdirir - itkin şəxslərin taleyi ilə bağlı cavabların əldə edilməsini, hər şeydən əvvəl, maraqlı tərəflər arasında etimad, əməkdaşlıq, şəffaflıq və dəqiq məlumatların vaxtında mübadiləsini tələb edir.
AZƏRTAC xəbər verir ki, bunu İordaniya Haşimilər Xeyriyyə Təşkilatının baş katibi Husseyn Mohamad Al Şebli Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində keçirilən plenar sessiyada çıxış edərkən deyib.
"İtkin şəxslər məsələsi hesabatlarda, sadəcə, bir rəqəm və ya iş kimi görünə bilər. Lakin ailələr üçün bu, tamamilə fərqli məna daşıyır. Hər bir itkin şəxsin arxasında cavab gözləyən bir ailə, taleyinin müəyyənləşdirilməsi üçün bütün səylərə layiq bir insan və ailəsinin üzvlərindən birinin başına nə gəldiyini bilmək hüququ dayanır. İordaniya Haşimi Xeyriyyə Təşkilatındakı təcrübəmiz göstərib ki, humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır. Bu fəaliyyət, ilk növbədə, insanların müdafiəsi və ləyaqətinin qorunması, koordinasiyanın gücləndirilməsi, etibarlı məlumatlara çıxışın təmin edilməsi və qurumlar arasında əməkdaşlığın praktiki fəaliyyətə çevrilməsi deməkdir", - deyə baş katib vurğulayıb.