Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır
Bakı, 7 oktyabr, AZƏRTAC
Coğrafiya və tarix, həmçinin ağrı və acı üçün pasport yoxdur. Hamımız eyni hissləri yaşayırıq. Bir insan ailə üzvü dünyasını dəyişəndə və ya onun harada olduğunu tapa bilməyəndə keçirdiyimiz kədər hamımız üçün eynidir. Perunun Ayakuço şəhərində ürəyində kədər daşıyan bir ananın yaşadığı ağrı ilə Azərbaycanda yaşayan bir ananın ağrısı eynidir. Məhz buna görə bu gün burada bir araya gələn 77 ölkə eyni böyük öhdəliyi bölüşür. Bu, unutmağa müqavimət göstərmək və həmin ailələr üçün cavab axtarmaq öhdəliyidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Peru parlamentinin üzvü Marleni Valensiya İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində keçirilən plenar sessiyada çıxış edərkən deyib.
"Biz buraya yalnız həmrəyliyimizi ifadə etməyə deyil, eyni zamanda, həll yolları axtarmağa və birgə cavablar verməyə gəlmişik. 1992-ci ildən bəri Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın 4010 itkin şəxsin tapılması ilə bağlı səylərinə dəstək verir. Bu dəstək məhkəmə-tibbi ekspertiza, texniki fəaliyyətlər və ailələrə psixososial yardım istiqamətlərində həyata keçirilir. Zaman axtarış borcunu aradan qaldırmır. Güclü institutlar və təşkilatlar mövcud olduqca bu işi davam etdirmək vacibdir. İndi, 2026-cı ildə Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır", - deyə o vurğulayıb.