Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH
Bakı, 7 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin nitqinin mahiyyətində daha böyük strateji xətt dayanır: müstəqilliyin ilk illərindən başlayan dövlət quruculuğunun tarixi nəticələri, ərazi bütövlüyü və suverenliyin tam bərpası, eləcə də Azərbaycanın yeni geosiyasi reallıqlarda hansı güc modeli əsasında inkişaf etməli olduğuna dair konseptual baxış. Bu mənada VIII Qurultay keçmişin siyasi hesabatından daha çox, suveren Azərbaycanın gələcək inkişaf fəlsəfəsinin təqdimatı kimi diqqət çəkir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov söyləyib.
O bildirib ki, bu inkişaf fəlsəfəsinin başlanğıcında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. 1990-cı illərin son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitində əsas məqsəd dövlətin özünün qorunması, idarəetmə institutlarının möhkəmləndirilməsi, iqtisadi tənəzzülün qarşısının alınması və Azərbaycanın gələcək inkişafı üçün dayanıqlı təməlin yaradılması idi. Sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın genişləndirilməsi, ordunun gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli maraqlara əsaslanan müstəqil siyasətin davam etdirilməsi həmin strateji xətti tarixi nəticəyə çatdırdı. 2020-ci ilin Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ilin sentyabrında suverenliyin bütün ölkə ərazisində tam təmin olunması onilliklər ərzində formalaşdırılmış siyasi, iqtisadi və hərbi gücün nəticəsi oldu. Lakin dövlətçilik baxımından ən mühüm məqam Qələbədən sonrakı mərhələnin düzgün müəyyənləşdirilməsidir. Çünki tarix göstərir ki, dövlət üçün gücü əldə etmək qədər onu qorumaq və davamlı üstünlüyə çevirmək də vacibdir. Prezident İlham Əliyevin təhlükəsizlik, hərbi potensial, ideoloji dayanıqlılıq, təhsil və vətənpərvərlik məsələlərini vahid kontekstdə təqdim etməsi məhz bu reallıqdan irəli gəlir. Müasir dünyada milli təhlükəsizlik artıq yalnız sərhədlərin müdafiəsi ilə ölçülmür. İnformasiya manipulyasiyaları, kiber təhdidlər, süni intellektin yaratdığı yeni təsir imkanları və ideoloji müdaxilələr dövlətlərin müqavimət qabiliyyətini fərqli müstəvidə sınağa çəkir. Belə şəraitdə savadlı və milli maraqlar ətrafında birləşmiş cəmiyyət güclü ordu qədər mühüm strateji kapitala çevrilir.
“Müstəqil siyasət yürütmək üçün siyasi iradə mühüm şərtdir, lakin həmin iradənin arxasında iqtisadi güc və milli resurslar dayanmadıqda onun uzunmüddətli davamlılığını təmin etmək çətinləşir. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə milli maraqlar əsasında münasibətlər qurması, fərqli siyasi qütblərlə əməkdaşlıq imkanlarını qoruması və beynəlxalq platformalarda təşəbbüskar mövqe nümayiş etdirməsi dövlətin strateji manevr imkanlarının genişliyini göstərir. Nəticədə Azərbaycan beynəlxalq proseslərin yalnız iştirakçısı olmaqla kifayətlənməyərək müəyyən məsələlər üzrə dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir. Burada iqtisadi müstəqillik siyasi suverenliyin maddi dayağı kimi xüsusi əhəmiyyət qazanır. Xarici borcun ÜDM-in təxminən 5,6 faizinə bərabər olması, valyuta ehtiyatlarının 90 milyard dollara çatması, iki beynəlxalq investisiya forumu çərçivəsində 20 milyard dollardan artıq investisiya müqavilələrinin bağlanması iqtisadi göstəricilər olmaqla yanaşı, dövlətin qərarvermə sərbəstliyini genişləndirən strateji imkanlardır. Azərbaycan eyni vaxtda müdafiə və təhlükəsizlik xərclərini maliyyələşdirir, azad edilmiş ərazilərdə böyük quruculuq proqramı həyata keçirir, sosial öhdəliklərini yerinə yetirir və maliyyə sabitliyini qoruyur. İqtisadi siyasətin keyfiyyəti də məhz burada üzə çıxır: iqtisadi güc yalnız artım göstəricilərində deyil, dövlətin qarşısına qoyduğu milli məqsədləri öz resursları hesabına reallaşdırmaq qabiliyyətində ifadə olunur”, - deyə R.Muradov vurğulayıb.