Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH
Bakı, 7 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın yeni tarixi mərhələyə daxil olmasının siyasi və strateji manifesti kimi qiymətləndirilə bilər.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı politoloq Aydın Tağıyev deyib.
“Prezident İlham Əliyevin vurğuladığı kimi, bu Qurultay ilk dəfə olaraq Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra keçirilib. Bu amil Qurultayın mahiyyətinə xüsusi məna verir və onu təkcə partiya tədbiri deyil, həm də postmünaqişə dövrünün inkişaf prioritetlərini müəyyənləşdirən mühüm siyasi platformaya çevirir. Məhz bu baxımdan Prezidentin çıxışına Azərbaycanın gələcək inkişaf kursunu müəyyən edən yeni konseptual çərçivə kimi yanaşmaq mümkündür. Diqqət etsək, çıxışın ümumi məzmunu göstərir ki, ölkənin qarşısında duran əsas vəzifə ərazi bütövlüyü ilə bağlı əldə edilmiş tarixi nailiyyətlərin qorunması, möhkəmləndirilməsi və gələcək nəsillər üçün dayanıqlı inkişaf modelinə çevrilməsidir. Bu mənada Prezident İlham Əliyevin nitqinin əsas fəlsəfəsini “Güclü Azərbaycan Doktrinası” adlandırmaq olar. Həmin doktrinanın mərkəzində isə bir fundamental tezis dayanır: Azərbaycan hər zaman güclü olmalıdır!”, - deyə o qeyd edib.
Politoloq bildirib ki, güclü olmaq təkcə hərbi qüdrətə sahib olmaq deyil, eyni zamanda, güclü dövlət idarəçiliyi, rəqabətqabiliyyətli iqtisadiyyat, milli maraqlara əsaslanan müstəqil xarici siyasət, möhkəm ideoloji dayaqlar və yüksək vətəndaş həmrəyliyi deməkdir: “Bu konsepsiyada hərbi güc dövlətin təhlükəsizlik təminatının əsas sütunlarından biri kimi təqdim olunur. Ərazi bütövlüyü və suverenlik bərpa edilsə də, dəyişən geosiyasi şərait, beynəlxalq münasibətlər sistemində artan qeyri-müəyyənlik və regional təhlükələr Azərbaycanın öz müdafiə potensialını daha da gücləndirməsini zəruri edir. Burada əsas fikir ondan ibarətdir ki, qələbəni qazanmaq qədər onu qorumaq da mühüm vəzifədir. Buna görə də Azərbaycan gələcəkdə də güclü orduya, müasir silahlanmaya və effektiv təhlükəsizlik sisteminə malik olmalıdır”.
O qeyd edib ki, doktrinanın digər mühüm istiqaməti müstəqil xarici siyasət xəttidir: “Prezidentin çıxışında Azərbaycanın heç bir geosiyasi mərkəzdən asılı olmayan, yalnız milli maraqlara söykənən siyasət yürütməsinin vacibliyi xüsusi vurğulanır. Bu model Azərbaycanın həm Şərq, həm Qərb, həm də digər beynəlxalq tərəfdaşlarla balanslı münasibətlər qurmasına, eyni zamanda, heç bir güc mərkəzinin təsiri altına düşməməsinə əsaslanır. Belə yanaşma ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onun müstəqil qərarvermə imkanlarını da daha da möhkəmləndirir. Dövlət başçısının çıxışında iqtisadi müstəqillik də dövlət gücünün əsas elementlərindən biri kimi təqdim edilir. Burada məqsəd yalnız iqtisadi artımın təmin olunması deyil, həm də maliyyə dayanıqlığının qorunması, xarici təsirlərdən minimum asılılıq və milli iqtisadi maraqların müdafiəsidir. Xarici borcun aşağı səviyyədə saxlanılması, valyuta ehtiyatlarının artırılması, investisiya mühitinin yaxşılaşdırılması və enerji sektorunun inkişafı bu strategiyanın əsas istiqamətlərini təşkil edir. Bu yanaşma Azərbaycanın siyasi müstəqilliyinin iqtisadi əsaslarını gücləndirməyə xidmət edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası isə yeni doktrinanın sosial və regional inkişaf komponenti kimi çıxış edir. Böyük Qayıdış proqramı sadəcə keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması layihəsi deyil. Bu proqram həm də ölkənin yeni iqtisadi, sosial və demoqrafik inkişaf modelinin mühüm hissəsidir. Qarabağ artıq münaqişə və işğal simvolu deyil, inkişafın, quruculuğun və milli dirçəlişin mərkəzi kimi təqdim olunur. Bu strategiyanın həyata keçirilməsi Azərbaycanın uzunmüddətli inkişaf hədəflərinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin nitqində ən diqqətçəkən məqamlarından biri isə ideoloji təhlükəsizlik məsələsinə yanaşmadır. Dövlət başçısı ideoloji təhlükəsizliyi faktiki olaraq hərbi təhlükəsizlik qədər mühüm sahə kimi xarakterizə edir. Müasir dövrdə informasiya müharibələrinin, sosial media manipulyasiyalarının, dezinformasiya kampaniyalarının və xaricdən yönləndirilən təbliğat fəaliyyətlərinin artması fonunda milli həmrəyliyin, vətənpərvərlik ruhunun və dövlətçilik şüurunun qorunması strateji əhəmiyyət daşıyır. Bu baxımdan təhsil, milli mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və informasiya məkanının sağlamlaşdırılması dövlət siyasətinin mühüm istiqamətləri kimi ön plana çıxır”.
A.Tağıyev deyib ki, bu doktrinaya görə gələcəyin Azərbaycanını formalaşdıracaq əsas qüvvə məhz milli maraqlara sadiq, savadlı və vətənpərvər gənclərdir. Beləliklə, YAP-ın Qurultayında irəli sürülən baxışlar Azərbaycanın postmünaqişə dövrü üçün yeni inkişaf fəlsəfəsini formalaşdırır. Bu fəlsəfənin əsas mahiyyəti güclü dövlətçilik, güclü müdafiə sistemi, müstəqil xarici siyasət, dayanıqlı iqtisadiyyat, milli həmrəylik və ideoloji möhkəmlik üzərində qurulmuş Azərbaycan modelinin inkişaf etdirilməsidir. Bu modelin əsas siyasi şüarı isə sadə, lakin strateji məzmun daşıyan bir tezisdə ifadə olunur: “Biz güclü olmalıyıq. Çünki müasir dünyada müstəqilliyi qorumağın, milli maraqları təmin etməyin və dövlət suverenliyini əbədi etməyin yeganə yolu güclü dövlət, güclü cəmiyyət və güclü milli iradəyə sahib olmaqdır”.