Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub
Bakı, 7 oktyabr, AZƏRTAC
İsveçin Gotenburq Botanika Bağının və Kənd Təsərrüfatı Elmləri Universitetinin nümayəndələri Henrik Sjöman və Patrick Bellan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda qonaq olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Botanika İnstitutunun direktor vəzifəsini icra edən, professor Səyyarə İbadullayeva qonaqlara müəssisənin elmi fəaliyyəti, prioritet tədqiqat istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Tərəflər elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması və təcrübə mübadiləsinin imkanlarını müzakirə ediblər. Görüş çərçivəsində Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında gələcək əməkdaşlıq memorandumunun təməli qoyulub. Məqsəd qlobal iqlim dəyişmələri və istiləşmə nəticəsində landşaftların dəyişməsinə, istiliyə, susuzluğa və digər ekoloji amillərə dözümlü ağac növləri üzrə yeni birgə layihələrin hazırlanmasıdır. Bununla yanaşı, layihə çərçivəsində Azərbaycanın relikt ağac bitkilərinin (dəmirağac, palıd və s.) dünyanın müxtəlif bölgələrində becərilməsi və onların əlverişsiz iqlim şəraitinə dözümlülüyünün öyrənilməsi istiqamətində tədqiqatların aparılması nəzərdə tutulur.
İsveçli alimlər institutun Herbari Fondunda və laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olublar. Həmçinin Lənkəran bölgəsində zəngin bitki müxtəlifliyinin öyrənilməsi və relikt növlərin tədqiqi məqsədilə birgə elmi ekspedisiya həyata keçirilib.