Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər
Bakı, 7 oktyabr, AZƏRTAC
Silahlı münaqişələr və digər vəziyyətlər kontekstində qeyri-müəyyən itki ən ağrılı və uzunmüddətli humanitar problemlərdən biri olaraq qalır. Bunun təsiri ən çox yaxınlarının taleyi ilə bağlı bəzən onilliklər ərzində qeyri-müəyyənlik içində yaşayan ailələr tərəfindən hiss olunur.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, itkin düşmə problemi ilə bağlı öz tarixi olan ölkələr fərqli şəraitə uyğunlaşdırılmış müxtəlif mexanizmlər yarada bilər: "Lakin bizi, şübhəsiz ki, ümumi humanitar məqsəd birləşdirir: İtkin şəxslərin taleyini və harada olduqlarını müəyyənləşdirmək və mümkün olduğu hallarda onların ailələrinə uzun müddətdir gözlədikləri cavabları təqdim etmək. Məhz bu ümumi məsuliyyət bu gün bizi davamlı dialoqu və daha sıx əməkdaşlığı gücləndirməyə sövq edir. Dövlətlərin, beynəlxalq təşkilatların, akademik dairələrin və vətəndaş cəmiyyətinin təcrübələrinin bir araya gətirilməsi artıq mövcud olan ekspertizanı daha da zənginləşdirir. Bu isə humanist, effektiv və ailələrin ehtiyaclarını əsas götürən yanaşmanın təmin edilməsi, eyni zamanda, sülhün və etimadın möhkəmləndirilməsi üçün olduqca vacibdir", - deyə nazir qeyd edib.