ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub
Gəncə, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gəncədə su israfı əleyhinə maarifləndirmə” layihəsi çərçivəsində görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ADAU-nun meliorasiya mühəndisliyi ixtisası üzrə tədris aparan professor-müəllimlərinin, fakültə dekanının və tələbələrin iştirak etdiyi görüşdə su ehtiyatlarından səmərəli istifadə, su israfının azaldılması və su resurslarının qorunmasının əhəmiyyəti barədə məlumat verilib. Həmçinin Azərbaycanın su ehtiyatları, eləcə də mövcud su sistemi haqqında təqdimat olub.
Tədbir zamanı su israfının qarşısının alınmasına dair maarifləndirici videoçarx nümayiş etdirilib və Gəncə şəhəri üzrə “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı”na (SECAP) dair hesabat iştirakçılara təqdim olunub.
Müxbir - Elcan Məmmədov