Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
Bakı, 6 oktyabr, AZƏRTAC
Bu həftə dünya ədəbi ictimaiyyəti böyük intizar içindədir. İsveç Akademiyası oktyabrın 8-də ədəbiyyat üzrə Nobel mükafatının laureatının adını açıqlayacaq. Ənənəvi olaraq bukmekerlər və tənqidçilər favoritləri fəal müzakirə edirlər. Əsas namizədlər arasında çinli avanqard yazıçı Can Syue və hər il Nobel mükafatına namizədliyi irəli sürülən yapon nəsrinin canlı klassiki Haruki Murakami də var. Siyahıda dünyanın müxtəlif ölkələrindən olan 40-a yaxın müəllif də yer alıb. Onların bir çoxunun adı uzun müddətdir Nobel mükafatı ilə bağlı müzakirələrdə mütəmadi olaraq çəkilir.
Xalq yazıçısı Natiq Rəsulzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində bu cür proqnozların nə dərəcədə əsaslı olması ilə bağlı fikirlərini bölüşüb.
Yazıçının sözlərinə görə, mükafatın uzun siyahısında həm tanınmış, həm də o dərəcədə məşhur olmayan müəlliflərin adları var. Buna görə də o, bu siyahı əsasında hər hansı proqnoz verməyib.
“Buna baxmayaraq, istərdim ki, Nobel mükafatını ən layiqli və ən maraqlı müasir yazıçılar alsınlar. Bilirsiniz, mən müxtəlif müsahibələrdə bir neçə dəfə demişəm ki, dünya miqyasında mükafat nə qədər böyükdürsə, onun tərkibində siyasətin rolu da bir o qədər çox olur. Bəzən Nobel Komitəsi mükafatı məhz siyasi mülahizələrə görə verir. Belə nümunələr məndə var, baxmayaraq ki, onları indi açıqlamaq istəmirəm, amma belə faktlar mövcuddur”, – deyə Natiq Rəsulzadə bildirib.
Bununla belə, qələm ustası qeyd edib ki, mükafat əksər hallarda layiqli yazıçılara verilir.

Proqnozlara gəlincə, yazıçı deyib ki, hər kəs yalnız siyahıda olan və əsərlərini oxuduğu müəlliflər haqqında fikir yürüdə bilər: “Fikrimcə, orada yüzə yaxın ad var. Mən onların hamısının əsərlərini oxumamışam. Bəlkə də 15-ə yaxın müəllifi tanıyıram və onların əsərlərini oxumuşam. Ona görə də bilmirəm, buna Nobel Komitəsi qərar verməlidir. Yenə də təkrar edirəm. Çox istərdim ki, mükafatı maraqlı, müasir və həqiqətən istedadlı bir yazıçı alsın. Çünki bu mükafat çox böyük əhəmiyyət daşıyır. Bu, sadəcə mükafat deyil, həm də böyük şöhrətdir. Elə yazıçılar olub ki, mükafatı aldıqdan sonra onların kitabları böyük tirajlarla nəşr olunmağa və yayılmağa başlayıb. Mükafat, əslində, müəllifin həyatını 180 dərəcə dəyişir”.
Natiq Rəsulzadə nümunə kimi Qabriel Qarsia Markesi göstərib. “O, həyat yoldaşı ilə birlikdə evdən nələrisə satır, son pullarını xərcləyirdilər ki, “Yüz ilin tənhalığı” romanını başa çatdırıb, əlyazmanı poçtla nəşriyyata göndərsinlər. Əvvəlcə birinci hissəni, sonra isə ikinci hissəni. Bu mükafat ona təkcə şöhrət deyil, həm də böyük məbləğdə pul gətirdi. Bu, həqiqətən də, yazıçının həyatını dəyişir. Ona görə də istərdim ki, laureat layiqli insan və layiqli yazıçı olsun. Baxmayaraq ki, bu iki anlayış heç də həmişə üst-üstə düşmür, amma ən əsası çox istedadlı müəllif olsun”, – deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Nobel laureatları sırasına kimlərin qoşulacağı yaxın günlərdə məlum olacaq.
Müəllif – Leyla Muradzadə