Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin müəllifi olduğu nəşrlərdən ibarət kolleksiyası yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, alimin təqdim etdiyi kitab kolleksiyasında Azərbaycan və xarici dillərdə 224 nüsxə ədəbiyyat nümunəsi var. Onlardan 220-si kitab, 4-ü isə alimin məqalələrinin dərc olunduğu jurnallardır.
Kolleksiyada Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığı, tarix, fəlsəfə, dilçilik, milli-mədəni irs, ictimai-siyasi fikir və digər sahələrə dair qiymətli nəşrlər toplanıb. Onların sırasında “Heydər Əliyev və Şərq” çoxcildliyi, T.Salamoğlunun “Ədəbiyyat və siyasət”, “Heydər Əliyev və Ağcabədi”, “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 12 cilddən ibarət unikal çoxcildliyi, S. Əhmədlinin “İsa Həbibbəyli: milli ideologiya – Azərbaycançılıq”, S. Xəlilovun “İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri”, Ə.Əlibəyzadənin “Azərbaycan dilinin tarixi” ikicildliyi, S. Rzasoyun “Oğuz mifinin paradiqmaları”, M.Ə. Rəsulzadənin “Panturanizm. Qafqaz sorunu”, Ə. Ağaoğlunun “Seçilmiş əsərləri” və digərləri var.
Bununla yanaşı, kolleksiyada dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan “Müqayisəli ədəbiyyatşünaslıq” elmi jurnalı, V.Aslanın “Türk xalqları ədəbiyyatı üzrə mühazirələr” dərs vəsaiti və digər dəyərli nəşrlər yer alıb.