Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır
Bakı, 7 oktyabr, AZƏRTAC
Müasir dövrdə bəşəriyyətin üzləşdiyi əsas problemlərdən biri ekoloji təhdidlərdir. Bu baxımdan alternativ və təmiz enerji mənbələrinin işlənib hazırlanması, eləcə də yaşıl kimya istiqamətində tədqiqatların aparılması dünya alimlərinin qarşısında duran mühüm vəzifələrdəndir.
Bunun AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Keçid metal xalkogenidləri əsasında funksional materialların alınması laboratoriyasının müdiri dosent Faiq Məmmədov bildirib. O qeyd edib ki, laboratoriyada alternativ enerji və ekoloji problemlərin həllinə yönəlmiş bir sıra tədqiqatlar həyata keçirilir: “Əldə etdiyimiz funksional xassəli materialların bəzi fotovoltaik elementlərdə tətbiqi artıq müəyyənləşdirilib. Bu tip tədqiqatlara dünya elmi ədəbiyyatında da rast gəlinir. Aldığımız materiallar suyun fotokatalitik parçalanması prosesində, eyni zamanda, çirkab sulardan müxtəlif dərman maddələri ilə çirklənmiş suların təmizlənməsində mühüm rol oynaya bilər. Əldə etdiyimiz materiallar yüksək fotokatalitik aktivliyə malik olmaqla, fotokatalitik proseslərdə geniş tətbiq imkanları vəd edir”.
F.Məmmədov vurğulayıb ki, hazırda alternativ və təmiz enerji, eləcə də yaşıl kimya sahəsində mühüm tədqiqat istiqamətlərindən biri hidrogenin alınmasıdır: “Hazırda hidrogenin alınmasının əsas istiqamətlərindən biri suyun fotokatalitik parçalanması prosesidir. Lakin bu proseslərdə ənənəvi enerji mənbələrindən istifadə zərurəti yaranır. Dünya tədqiqatçılarının, o cümlədən bizim qarşımızda duran əsas məsələlərdən biri günəş enerjisindən istifadə etməklə suyun elektroliz prosesinin həyata keçirilməsidir”. Onun sözlərinə görə, laboratoriyada əldə olunan bəzi materiallar suyun katalitik parçalanması, yəni elektroliz prosesində uğurla tətbiq oluna bilər. Bu istiqamətdə aparılan tədqiqatların gələcəkdə təmiz enerji mənbələrinin əldə olunmasına və ekoloji problemlərin həllinə töhfə verəcəyi gözlənilir.
O əlavə edib ki, bu tədqiqatların əsas məqsədlərindən biri günəş enerjisindən səmərəli istifadə etməklə ekoloji cəhətdən təhlükəsiz və iqtisadi baxımdan əlverişli texnologiyaların hazırlanmasına töhfə verməkdir. Əldə olunan funksional materialların fotokatalitik xüsusiyyətlərinin öyrənilməsi onların həm hidrogen istehsalında, həm də su hövzələrinin müxtəlif çirkləndiricilərdən təmizlənməsində tətbiq perspektivlərini genişləndirir. Bu baxımdan aparılan araşdırmalar yaşıl enerji texnologiyalarının inkişafı və davamlı ekoloji həllərin yaradılması istiqamətində mühüm elmi əhəmiyyət daşıyır.
Müxbir - Tünzalə Arazlı