Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
Bakı, 6 oktyabr, AZƏRTAC
Bolqarıstanın Plovdiv şəhərində “İrs, icmalar və ərazilər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycanı konfransda tarixçi və arxeoloq Fariz Xəlilli təmsil edib. O, konfransda “Mədəni turizmdən mədəni irs turizminə: Azərbaycanın Basqal Tarix-Mədəniyyət Qoruğu nümunəsində” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a Fariz Xəlilli məlumat verib. Məruzədə ICOMOS-un 1976, 1999 və 2022-ci illərdə qəbul etdiyi mədəni turizm sənədlərində yanaşmaların dəyişməsi müqayisəli şəkildə təhlil edilib. Bildirilib ki, müasir mədəni irs turizmi yalnız tarixi abidələrin ziyarətindən ibarət deyil. Yerli icmanın prosesdə iştirakı, yaşayan irsin qorunması, interpretasiya, ziyarətçi axınının idarə edilməsi, monitorinq, dayanıqlılıq və iqlim amillərinin nəzərə alınması müasir yanaşmanın əsas komponentlərindəndir.
Basqal bu baxımdan yaşayan irs məkanı kimi təqdim olunub. Qəsəbənin ənənəvi yaşayış evləri, sənətkarlıq mühiti, ipəkçilik və kəlağayı ənənəsi, dini və ictimai tikililəri, su sistemi, epiqrafik və arxeoloji irsi, ailə yaddaşı və gündəlik məişət mədəniyyətinin bir-birindən ayrılmadan qorunmasının əhəmiyyəti vurğulanıb. NUĞAY Qeyri-Maddi Mədəni İrs Turizmi Mərkəzinin fəaliyyəti isə yerli mədəni irsin interpretasiyası, sənətkarlıq, qonaqpərvərlik və icma iştirakını birləşdirən praktik nümunə kimi təqdim edilib.
Azərbaycanın Basqal nümunəsinin beynəlxalq elmi mühitdə təqdim olunması ölkənin zəngin maddi və qeyri-maddi mədəni irsinin müasir beynəlxalq irs yanaşmaları əsasında tanıdılması, həmçinin Azərbaycan təcrübəsinin Balkan və Avropa ölkələrinin təcrübələri ilə müqayisəsi baxımından əhəmiyyət daşıyır.