Əqli Mülkiyyət Agentliyinin nümayəndələri TEKNOFEST və ISIF 2026-da iştirak ediblər
Bakı, 6 oktyabr, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktoru Nicat Əlizadə və direktor müavini Aygün Əhmədova Türkiyənin Şanlıurfa şəhərində keçirilən “TEKNOFEST” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalında və İstanbul Beynəlxalq İxtira və İnnovasiya Sərgisində (ISIF 2026) iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib.
Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin himayəsi, Türk Patent və Əmtəə Nişanı Qurumunun təşkilatçılığı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının dəstəyi ilə keçirilən ISIF 2026-nın əsas məqsədi ixtiraçılar, tədqiqatçılar, universitetlər, texnoparklar, startaplar, investorlar, patent mütəxəssisləri, istehsalçılar və müvafiq dövlət qurumlarını vahid platformada bir araya gətirməklə ixtiraların beynəlxalq səviyyədə nümayişinə, təcrübə mübadiləsinə, beynəlxalq əməkdaşlığın inkişafına və kommersiyalaşdırma imkanlarının genişləndirilməsinə şərait yaratmaqdır.
Sərgi çərçivəsində təşkil olunan panellərdə əqli mülkiyyətin innovasiyaların inkişafında və kommersiyalaşdırılmasında rolu, startapların dəstəklənməsi, ixtiraların beynəlxalq səviyyədə qorunması və bazara çıxarılması imkanları, o cümlədən ÜƏMT-nin innovatorlar üçün təqdim etdiyi beynəlxalq əqli mülkiyyət alətləri barədə məlumat verilib. Təqdimat və müzakirələrdə ixtiraların mühafizəsi ilə yanaşı, onların real bazar tələblərinə uyğun olaraq tərəfdaş və investorlar tərəfindən dəyərləndirilməsi, universitetlər və texnologiya transfer ofisləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Mərkəzin nümayəndələri tədbirdə təqdim olunan ixtira və innovativ texnoloji həllərlə tanış olub, universitetlərin texnologiya transferi və kommersiyalaşdırma təcrübələrini öyrənib, texnologiya transfer ofisləri və innovasiya ekosisteminin digər iştirakçıları ilə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Səfər müddətində əldə olunan təcrübə və qurulan əlaqələr yerli və xarici universitetlər, texnologiya transfer ofisləri, elmi-tədqiqat və innovasiya qurumları ilə əməkdaşlığın genişləndirilməsinə, birgə təlim və təcrübə mübadiləsi proqramlarının təşkilinə zəmin yaradır. Bu əməkdaşlıq ölkəmizdə texnologiyaların kommersiyalaşdırılması və bazara çıxışının dəstəklənməsinə, universitet–sənaye əlaqələrinin gücləndirilməsinə və texnologiya transferi ekosisteminin inkişafına töhfə verəcək.